Bu gün səhər saatlarında İranın müdafiə nazirinin sabiq müavini Əlirza Əkbəri Britaniya kəşfiyyatına casusluq ittihamı ilə edam edilib.
KONKRET.az “Mehr”ə istinadən xəbər verir ki, bu barədə İranın Məhkəmə Sistemi rəsmi açıqlama yayıb.
Qeyd olunub ki, Əlirza Əkbəri ölkənin önəmli məlumatlarını toplayaraq məqsədli şəkildə Britaniya kəşfiyyatına ötürüb.
“O, casusluq qarşılığında 1,8 milyon avro, 265 min funt-sterlinq və 50 min dollar pul alıb”, – açıqlamada deyilir.
Xatırladaq ki, Ə.Əkbəri İran Milli Təhlükəsizlik Şurasının hazırkı katibi, 1997-2005-ci illərdə müdafiə naziri işləmiş Əli Şəmxaninin müavini işləyib. O, 1961-ci ilin sentyabrında anadan olub. Britanya-İran ikili vətəndaşlığı var. 2005-2020-ci illərdə Britaniyada yaşayıb, Tehrana səfəri zamanı casusluqda ittiham olunaraq həbs edilib. Sonradan girov qarşılığında sərbəst buraxılmışdı. İran kəşfiyyatı 2023-cü il yanvarın 1-də onu yenidən həbs edib. Məhkəmə Əlirza Əkbərini Böyük Britaniyaya casusluqda günahlandıraraq barəsində edam hökmü çıxarıb.

