Rusiyanın Ermənistandan idxal edilən kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi genişmiqyaslı qadağalardan sonra rəsmi İrəvan məsələni beynəlxalq hüquqi müstəviyə daşıyıb. Ermənistan hökuməti ticarət blokadası ilə bağlı Avrasiya İqtisadi İttifaqının (AVROMİTT) ali icraedici orqanına rəsmən müraciət edib.
KONKRET.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Gevorg Papoyan parlamentdə 2025-ci ilin dövlət büdcəsinin icrasına dair keçirilən müzakirələr zamanı deputatların suallarını cavablandırarkən bu barədə məlumat verib.
Nazir ölkəsinin üzləşdiyi iqtisadi təzyiqlərə qarşı rəsmi addımlar atıldığını bəyan edib: “Biz artıq bizə qarşı tətbiq edilən qadağalar, maneələr və məhdudiyyətlərlə bağlı Avrasiya İqtisadi Komissiyasına (AİK) müraciət etmişik. Orada müəyyən hüquqi prosedurlar var və biz həmin qaydalar çərçivəsində irəliyə doğru hərəkət edirik”.
Papoyan həmçinin qeyd edib ki, Ermənistan hökuməti yerli ixracatçıların zərərini minimuma endirmək üçün daxili bazarda fitosanitar nəzarəti gücləndirməyə və eyni zamanda ixrac istiqamətlərini şaxələndirməyə çalışır. Siyasi və iqtisadi ekspertlər İrəvanın bu addımını Moskvanın “Rosselxoznadzor” vasitəsilə tətbiq etdiyi fitosanitar sanksiyalara qarşı hüquqi müqavimət cəhdi kimi qiymətləndirirlər. Lakin mütəxəssislər AVROMİTT daxilində Rusiyanın mütləq siyasi və iqtisadi çəkisini nəzərə alaraq, bu şikayətin Ermənistanın xeyrinə ciddi və operativ bir nəticə verəcəyinə şübhə ilə yanaşırlar.
Natiq Səlim,
KONKRET.az
