İrəvanda müxalifətçi siyasətçi, “Aykakve” təşəbbüsünün koordinatoru Avestik Çalabyanın həbsinə etiraz olaraq aksiya keçirilib.
KONKRET.az xəbər verir ki, aksiyanın əsas məqsədinin hakimiyyətin hüquqi özbaşınalığa və müxalifətçilərin təqibinə qarşı etiraz səslərini susdurmasına imkan verməmək olduğu bildirilib. Təşəbbüsün üzvü Menua Soqomonyanın sözlərinə görə, aksiya Çalabyanın müdafiəsi və ifadə azadlığının qorunması məqsədi daşıyır.
Aksiya iştirakçıları əllərində “Aykakve” təşəbbüsünün həmtəsisçisinin təsviri olan plakatlar və siyasi şüarlar yazılmış transparantlar tutublar. Ərazidə üzərinə izolyasiya lenti çəkilmiş və qandal taxılmış mikrofon da quraşdırılıb. Bu atribut repressiyaları və söz azadlığının məhdudlaşdırılmasını simvolizə edir.
Xatırladaq ki, “Aykakve” təşəbbüsünün koordinatoru Avestik Çalabyan seçki hüququnun həyata keçirilməsinə mane olmağa hazırlıq ittihamı ilə iki ay müddətinə həbs edilib. Qərarı İrəvanın Cinayət Məhkəməsinin hakimi Con Ayrıapetyan qəbul edib.
Çalabyan “Armavir” penitensiar müəssisəsinə göndərilib. Hüquq müdafiəçisi Varazdat Arutyunyanın sözlərinə görə, ona vəkillərindən başqa heç kimlə görüşməyə icazə verilmir. Müdafiə tərəfi həbs qərarından apellyasiya şikayəti verməyə hazırlaşır.
Natiq Səlim,
KONKRET.az

