İsveçrə Mixail Fridman (və Əlişir Usmanovu sanksiya siyahısından çıxarıb.
KONKRET.az xəbər verir ki, bu barədə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) yaydığı məlumatda bildirilir.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin genişmiqyaslı mərhələsi başlayandan sonra İsveçrə bu iki rusiyalı iş adamına qarşı sanksiyalar tətbiq etmişdi.
Bundan əlavə, Krım Federal Universitetinin sabiq rektoru Andrey Falaleyev və Redbird Corporate Services Ltd. şirkəti də sanksiya məhdudiyyətlərindən azad edilib.
Sanksiya siyahısında yer alan daha iki nəfər – Rusiyanın Dövlət Dumasının sabiq deputatı Yuri Şvıtkin və konstruktor Aleksandr Leonov isə vəfat etdikləri üçün siyahıdan çıxarılıblar.
Bununla yanaşı, İsveçrənin sanksiya siyahısına daha 254 mövqe əlavə edilib. SECO-nun məlumatına görə, yeni siyahıya 33 Rusiya bankı, üçüncü ölkəyə məxsus bir maliyyə qurumu, maliyyə sektorunda fəaliyyət göstərən və kriptovalyuta xidmətləri göstərən 17 təşkilat, üçüncü ölkələrdən beş şirkət, həmçinin Rusiyada yerləşən dörd hava limanı və iki dəniz limanı daxil edilib.
Natiq Səlim,
KONKRET.az
Mənbə: İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO)
