Universitet və kolleclərdə vahid geyim forması olacaq? – Ekspertdən AÇIQLAMAbackend

Universitet və kolleclərdə vahid geyim forması olacaq? – Ekspertdən AÇIQLAMA

Azərbaycanda məktəblərdə vahid geyim formasının tətbiqi fonunda universitet və kolleclərdə də tələbələr üçün eyni qaydanın müəyyənləşdirilməsi məsələsi gündəmə gəlir.

Bəs, universitet və kolleclərdə də məktəblərdə olduğu kimi vahid geyim formasının tətbiqi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Ramin Nurəliyev hesab edir ki, ali və orta ixtisas təhsili müəssisələrində vahid geyim formasının tətbiqi məqsədəuyğun deyil.

“Beynəlxalq təcrübədə mülki universitet və kolleclərdə vahid geyim forması geniş yayılmayıb. Bu cür geyim tələbləri əsasən xüsusi təyinatlı təhsil müəssisələrində tətbiq olunur.

Azərbaycanda da Polis Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyası və Sərhəd Qoşunlarının təhsil müəssisələri kimi xüsusi təyinatlı qurumlarda vahid geyim formasından istifadə edilməsi təhsil istiqamətinin spesifik xüsusiyyətləri ilə bağlıdır”.

R.Nurəliyev vurğulayıb ki, mülki universitet və kolleclərdə vahid geyim formasının tətbiqindən daha çox tələbələrin geyim tərzinə müəyyən çərçivələr daxilində məhdudiyyətlərin qoyulması mümkündür.

“Xüsusilə təhsil mühitinə uyğun olmayan, həddindən artıq açıq və qısa geyimlərə, eləcə də bəzi geyim elementlərinə dair qaydalar müəyyənləşdirilə bilər”.

Ekspert əlavə edib ki, bəzi ölkələrdə təhlükəsizlik və şəxsiyyətin müəyyənləşdirilməsi baxımından üzün tam örtülməsi ilə bağlı məhdudiyyətlər də mövcuddur. Bu yanaşma niqabdan istifadə ilə bağlı qaydalarda özünü göstərir. Eyni zamanda, ayrı-ayrı təhsil müəssisələrində tələbələrin xarici görünüşü və geyim tərzi ilə bağlı daxili standartlar tətbiq olunur.

R.Nurəliyevin qənaətinə görə, universitet və kolleclər sərbəst geyim seçiminə imkan verən təhsil mühiti olaraq qalmalıdır. Bununla belə, həmin sərbəstlik müəyyən etik normalar və ümumi davranış çərçivəsində tənzimlənə bilər.

Beləliklə, ekspert hesab edir ki, ali və orta ixtisas təhsili müəssisələrində məktəblərdəki kimi vahid geyim formasının tətbiqi real görünmür.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*