“İzvestiya”: “Şuşanın alınması Qarabağdakı müharibənin məcrasını dəyişdirəcək”backend

"İzvestiya": "Şuşanın alınması Qarabağdakı müharibənin məcrasını dəyişdirəcək"

İrəvan Azərbaycan Ordusunun Şuşa şəhərini “nəzarəti altına qaytardığı” barədə məlumatı təkzib etdi. “DQR” başçısının müşaviri David Babayan “İzvestiya”ya bildirdi ki, “Həqiqətən Şuşanın kənarında döyüşlər gedir, lakin şəhər bizim nəzarətimizdədir”.   Strateji baxımdan əhəmiyyətli bir şəhərin itirilməsi müharibədə balansları tamamilə dəyişdirəcək. “İzvestiya”ya  müsahibə verən mütəxəssislərə görə, bundan sonar diqtə edən tərəf Bakı olacaq.

Təsadüfi deyil ki, bazar günü Prezident İlham Əliyev xalqa müraciətində “Şuşa şəhərinin erməni işğalından azad olunduğunu böyük qürur hissi ilə bildirirəm. Şuşa bizimdir! Qarabağ bizimdir”, – dedi. Və vurğuladı ki şəhər danışıqlar nəticəsində deyil, döyüş nəticəsində azad edildi“.

Baxmayaraq, Ermənistan Müdafiə Nazirliyi Əliyevin sözlərini təkzib etdi. Noyabrın 7-də “RİA Novosti” şəhər uğrunda 3 gündür şiddətli döyüşlər getdiyini, Azərbaycan Ordusunun Şuşaya gedən yollara yaxınlaşmağı bacardığını və şəhəri addım-addım ələ keçirməyə başladığını yazmışdı.

Açar şəhər

Şuşa hər zaman Qarabağın açarı sayılıb. Şuşa tanınmamış “DQR”-in “paytaxtı” Stepanakertdən cəmi 10 km məsafədə yerləşir. Şəhər dağın üstündə (dəniz səviyyəsindən 1368 m hündürlükdə) yerləşir ki, bu da onu dominant mövqe ilə təmin edir. Şuşanın geri alınması xəbəri 9 noyabrda Azərbaycanda qeyd olunan Dövlət Bayrağı gününə təsadüf etdi. Əliyevin “şəhərin azad edilməsi” ilə bağlı müraciətindən dərhal sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümhuriyyəti təbrik etdi:. “Bu, Azərbaycanın işğal altında qalan torpaqlarının erkən azad edilməsinin bir simvoludur. Öz adımdan, ailəmin üzvləri və bütün Türkiyə xalqı  adından qardaşlarımı bu əlamətdar qələbə münasibətilə təbrik edirəm “, – dedi.

Xatırladaq ki, bundan əvvəl Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparmışdı. Ümumilikdə, Qarabağda döyüşlər başlayandan bəri prezidentlər üç tur danışıqlar aparıblar. Rusiya lideri türkiyəli həmkarına noyabrın 2-də Azərbaycan və Ermənistan liderləri ilə bir sıra telefon əlaqələri barədə məlumat verdi. “Bu təmaslar hərbi əməliyyatların erkən dayandırılması, siyasi və diplomatik razılığa gəlmək üçün seçimlərin tapılmasına yönəlmişdi. Münaqişənin sülh yolu ilə həllinə nail olmaq bütövlükdə region üçün əhəmiyyətlidir“, deyə Kremlin rəsmi saytı yazır.

Hər şey bitdimi?

“İndi bir şəhərin itirilməsinin tamamilə məğlubiyyətə çevrildiyi XIV əsr deyil. Ancaq müharibə daha şiddətli, hücumlar daha kəsərli olacaq, çünki Şuşadan sonra Stepanakertə birbaşa yol açılır, – David Babayan bildirib.

Azərbaycan Milli Məclisinin üzvü Rasim Musabəyov isə Babayanın bu açıqlamalarını həqiqət saymır.  “Azərbaycan bayrağı artıq Şuşa şəhərinin üzərində dalğalanır”.

Rasim Musabəyov qeyd etdi ki, Şuşa Azərbaycan cəmiyyəti üçün milli mədəniyyət beşiyi rolunu da oynayır. Yarandıqdan sonra şəhər Tiflis və Bakıdan sonra Zaqafqaziyanın üçüncü mədəniyyət mərkəzi oldu. Şəhər taktiki baxımdan da çox əhəmiyyətlidir. Azərbaycan Ordusu burdan Stepanakert üzərində və Qarabağı Ermənistanla birləşdirən əsas yola nəzarət imkanı qazanıb. “Şəhərin ələ keçirilməsindən sonra da Bakının tələbləri dəyişməz olaraq qalır:  işğal altında qalan digər bölgələrdən erməni qoşunlarının çıxarılsın. Yalnız bundan sonra hərbi əməliyyatların dayandırılması və danışıqların davam etdirilməsi mümkündür-deyə deputat bildirib.

Politoloq Denis Denisovsa hesab edir ki, münaqişə tərəfləri öz məqsəd və hədəflərini əvvəldən elan ediblər. İndi Bakı İrəvandakıların danışıqlara razı olub, olmamasından asılı olmayaraq strateji hərbi üstünlüyünü davam etdirəcək. “Hərbi-strateji baxımdan Şuşa əhəmiyyətlidir, amma yenə də Stepanakert deyil. Ancaq bu, böyük qələbənin müqəddiməsidir. Azərbaycan tərəfinin Şuşanı alması təsdiqlənərsə, Stepanakertin alınması növbəsi iki həftədən sonra gələ bilər, – deyə politoloq bildirib. Və əlavə edib ki, Şuşanın süqutu həqiqətən də İrəvanın müharibə haqqında düşüncəsinə çox pis təsir edəcəkdir.

Taktikalar sınaqdan keçirildi

Şuşa uğrunda döyüşlərdə Azərbaycan əvvəlki döyüşlərdə artıq sınaqdan keçmiş taktikalardan istifadə etdi. Kəşfiyyat bölmələrindən və xüsusi təyinatlılardan ibarət konsolidasiya edilmiş mobil hücum qrupları bəlli yollardan deyil, meşəlik ərazidən keçərək şəhərin kənarına gəldilər. Gecə görmə cihazları və termal görüntülərlə yanaşı, bölmələr onlara əlavə güc verən “Spike” uzun mənzilli tank əleyhinə raket sistemləri ilə təchiz edilmişdir.

Eyni zamanda, Azərbaycan Ordusu aviasiya və pilotsuz təyyarələrin dəstəyi ilə cəbhənin şərq sektorunda hücumlarını davam etdirir. Hücumun hədəfi Martuni (Xocavənd) şəhəri olaraq qalır.

“Müharibənin nəticəsi Şuşa üçün gedən döyüşlərdən asılıdır”, – deyə hərbi ekspert Vladislav Şurıgin bildirib.Onun sözlərinə görə  “Şəhərin tam ələ keçirilməsindən danışmaq hələ tezdir, lakin Azərbaycanın bu istiqamətdəki uğurları göz qabağındadır. Xüsusi qüvvələri deyil, zirehli texnika və topçuları olan tam hüquqlu bir silahlı dəstəni şəhərə gətirməyi bacarsa, onda hər şey bəlli olacaq. Bu vaxt konvoyun keçə biləcəyi yeganə yol Azərbaycan Ordusunun nəzarəti altına düşəcək”. Hərbi ekspert son olaraq bildirib ki, Şuşanın tam alınacağı təqdirdə, ermənilərin Stepanakerti də əldə saxlamaq imkanları olmayacaq. “Paytaxtın” süqutu isə tanınmamış respublikanın və ona kömək edən Ermənistanın məğlubiyyəti deməkdir.

“İzvestiya” qəzeti. 8 noyabr 2020

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*