“Jurnalist”in hədəfi, Prezident İlham Əliyevin qətiyyəti nəyi sübut etdi?backend

"Jurnalist"in hədəfi, Prezident İlham Əliyevin qətiyyəti nəyi sübut etdi?

Dünən ölkəmizdə daha bir ilkə imza atıldı. Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib. Mətbuat konfransının forma və məzmunu yeni idi. Amma ən maraqlısı o idi ki, mətbuat konfransı canlı olaraq 4 saatdan çox davam etdi.

Azərbaycan tarixində ölkə başçısının jurnalistlərlə bu qədər uzun müddətdə təmasda olması nadir hadisədir. Mətbuat konfransında dünyanın və ölkəmizin 50-dən artıq aparıcı KİV-lərinin və televiziyalarının nümayəndələri təmsil olunurdu. Prezident İlham Əliyev gərgin iş qrafikinə baxmayaraq, bu mətbuat konfransına geniş vaxt ayırdı. Konfransda prezident 35 müxbirin verdiyi 50-yə yaxın suala cavab verdi. Təbii ki, ölkəmiz haqqında həqiqətlərin və cənab prezident tərəfindən yeridilən daxili və xarici siyasətin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından bu konfrans çox vacib əhəmiyyət kəsb edir.

Nəzərə alaq ki, maraqla izlənilən mətbuat konfransında bəzi diqqət çəkən, narahatlıq doğuran məqamlar oldu. Məsələn, Azərbaycan Prezidenti İlham Əliyevin dünən yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında “İran xəbər agentliyi”nin müxbirinin təxribatçı sualı həm təəssüf doğurdu, həm də təəccüb. İRNA-nın müxbiri belə bir sual səsləndirdi: “Cənab Prezident, hazırda terrorçuluq beynəlxalq icma üçün böyük bir çağırışdır. Dağlıq Qarabağ müharibəsində terrorçu qrupların iştirakı barədə xəbərlər yayılmışdı və bu da regional ölkələrə təsir göstərib. Hansı kollektiv şəkildə tədbirlər aparılmalıdır ki, bu cür çağırışa cavab verilsin və Azərbaycan Respublikası bu konteksdə hansı tədbirləri atmalıdır?”

Prezident İlham Əliyev jurnalistin “sualına” sualla cavab verdi. Prezident əvvəlcə “sualı” aydınlaşıdırmaq istədi: “Siz terrorçu qruplar barədə “hesabatlar” dedikdə bəzi istinadlar vermisiniz. Siz dəqiqləşdirə bilərsiniz hansı “hesabatlar” barədə danışırsınız?”.

Daha sonra Prezident mikrofonun həmin “jurnalist”ə ötürülməsini istədi. “Jurnalist” gözləmədiyi haqlı sual qarşısında çaşqın-çaşqın: “Biz bəzi “hesabatlar”da, regional xəbər agentliklərindən bunu eşitmişik. İcazə versəniz, mən onları söyləməzdim”(!)”, – dedi. Xanım “jurnalistin” “həyacanını” başa düşən Prezident İlham Əliyev dedi ki, “sizin “sualınız” bir növ ittihama bənzəyir. Ona görə mən bilmək istəyirəm, hansı “hesabatlar”a istinad edirsiniz? Çünki bəzi hesabatlar sözünü hamı deyə bilər. Siz mənə mənbə verə bilərsiniz? Heç olmasa, bir mənbə”.

Vəziyyətin ciddiliyini və “qəribə yerdə axşamladığını” görən “jurnalist  Prezident İlham Əliyevin ona ünvanladığı sualdan boyun qaçıraraq, Prezidentdən növbəti sualına cavab verməyi xahiş etdi. Lakin cənab Prezident məsələdə israrlı idi. Amma vəziyyəti çox da gərginləşdirməmək üçün auranı bir qədər yumşaltdı: “Təəssüf edirəm ki, dost ölkədən olan jurnalist belə bir sual verir. Azadolunma əməliyyatında heç bir terrorçu iştirak etməyib. Bunun heç bir sübutu yoxdur. Bu, sadəcə olaraq Azərbaycanı ittiham etməkdir.  Bu, Ermənistan tərəfindən ediləndə anlaşılandır. Onlar üçün ağrılı məsələdir ki, onları Azərbaycan əsgəri məhv edib. Sizə tövsiyəm o olardı ki, spekulyasiyalarla məşğul olmayasınız.

Siz xanım olaraq dost ölkədən gəlmisiniz. Xahiş edirəm, sualınızda məsuliyyətli olasınız”, – dedi.

Bu mətbuat konfransından sonra yəqin ki, xanım “jurnalist” bir müddət özünə gəlməyəcək. Ona görə yox ki, verdiyi suala istədiyi cavabı ala bilmədi. Ona görə ki, kimlərinsə əlində oyuncaq olduğuna və peşəsini və şəxsiyyətini, üstəlik dövlətini pis vəziyyətdə qoyduğuna görə.

Xanımın verdiyi sualın təxribat xarakterli olduğu apaydın ortada idi.

Birincisi, ona görə ki, “jurnalist” verdiyi sualın mahiyyətini heç özü doğru-dürüst başa düşməmişdi. Çünki sualda İkinci Qarabağ müharibəsində hansı tərəfdən terrorçuların vuruşduğunu söyləmədi. Məlumatlı jurnalist tərəfi hökmən söyləməli idi. Ola bilsin ki, xanıma bu sualı əzbərlədən qurumlar qəsdən tərəfin deyiməməsini məqsədəuyğun bilmişdilər. Çünki ermənilər tərəfindən beynəlxalq terrorçuların vuruşduğunu təkzibolunmaz faktlarla dəfələrlə Azərbaycan hökuməti beynəlxalq aləmə təqdim edib. Baxmayaraq, bu faktların ABŞ, Avropa, Rusiya və hətta İran üçün maraqlı olmaması səbəbilə təqdim edilən sənədlər təftiş edilmədi.

İkincisi, sualın yeri və zamanı düzgün seçilməmişdi. Çünki İkinci Qarabağ müharibəsindən artıq 4 aya yaxın vaxt keçir. Uzun zaman fasiləsindən sonra bu məsələnin gündəmə gətirilməsi özü qəribə görünür.

Üçüncüsü, dünyada terrordan ən çox zərər görən iki ölkədən biri Azərbaycandır. Bunu bütün dünya bilir. Qonşu İranda isə bunu “məmə deyəndən, pəpə yeyənə” qədər hamı bilir. Çünki Azərbaycanda baş verən ən xırda hadisə məlum səbəblər üzündən İranda çox diqqətlə izlənilir. Ona görə də hamı kimi İRNA-nın başında duranlar Azərbaycanın son 30 ildə terrordan çox böyük əziyyət çəkdiyini bilir. Bununla belə bu tip təxribatçı sualın verilməsi anlaşılmır.

Doğrudur, ölkəmizin başçısı “sual”a aydınlıq gətirdi və “jurnalist”in təxribatçı danışığına peşman etdi. Amma bütün hallarda İran rəsmilərinin Azərbaycana qarşı davam edən qərəzli münasibəti ciddi narahatlıq doğurur.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*