“Rusiya texniki baxımdan istənilən an nüvə zərbəsi endirmək qabiliyyətinə malikdir, lakin hazırda Kiyev Moskvanın belə bir addıma hazırlaşdığını göstərən əlamətlər görmür”.
KONKRET.az xəbər verir ki, Ukrayna keçmiş Hərbi Kəşfiyyat Baş İdarəsinin rəhbəri Kirill Budanov “The Times” qəzetinə müsahibəsində Rusiyanın nüvə silahından istifadə imkanları və müharibənin gedişi ilə bağlı fikirlər səsləndirib.
“Rusiya istənilən an və istənilən məsafədə nüvə zərbəsi endirməyə qadirdir. Onun nüvə potensialı bunu mümkün edir. Amma bu, ilk növbədə siyasi iradə məsələsidir,” – Budanov deyib.
O, həmçinin Ukrayna kəşfiyyatının hazırda nüvə hücumu ilə bağlı heç bir hazırlıq əlaməti qeydə almadığını vurğulayıb:
“Əgər belə əlamətlər olsaydı, mən bunu bilərdim.”
Budanov müharibənin gələcəkdə danışıqlar yolu ilə bitirilə biləcəyinə ümid etdiyini də bildirib. Onun sözlərinə görə, uzun illər Rusiya strukturları ilə iş təcrübəsi ona Moskvanın “qırmızı xətləri”ni və danışıqlar üsullarını anlamağa imkan verib.
Eyni zamanda o, Ukraynanın artıq yalnız Qərb yardımını alan tərəf deyil, həm də hərbi texnologiya və xüsusilə pilotsuz uçuş aparatları sahəsində ixracatçıya çevrildiyini qeyd edib.
Budanov Qərb ölkələrinin bahalı hava hücumundan müdafiə raketlərinin ucuz dronlara qarşı sürətlə tükəndiyini, gələcək müharibələrin isə daha çox “ağıllı” dronlar vasitəsilə aparılacağını bildirib.
Müşviq Tofiqoğlu
KONKRET.az
