Çeçenistan müxalifətinə yaxın teleqram kanallarının yaydığı məlumata görə, respublika rəhbəri Ramzan Kadırovun kiçik oğlu Adam Kadırov avtomobil qəzasına düşüb.
KONKRET.az xəbər verir ki, iddialara əsasən, 18 yaşlı Adam Kadırovu daşıyan kortej Qroznı şəhərində yol-nəqliyyat hadisəsi ilə üzləşib. Məlumatda bildirilir ki, qəza baş verdikdən sonra şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib.
Mənbələrin məlumatına görə, Qroznı faktiki olaraq mühasirəyə alınıb, yeni xəstəxanalardan birinin fəaliyyəti isə müvəqqəti dayandırılıb. Kanalın iddiasına əsasən, Adam Kadırovun vəziyyəti ağır qiymətləndirilir və o, hazırda reanimasiya şöbəsindədir. Eyni zamanda, onun müalicə üçün Moskvaya aparılmasının planlaşdırıldığı qeyd olunur.
Yayılan məlumatlarda bildirilir ki, yol qəzası zamanı digər xəsarət alanlar və qurbanlar da olub. Hadisə ilə bağlı rəsmi qurumlar hələlik açıqlama verməyiblər.
Qeyd edək ki, yayılan məlumatlar rəsmi mənbələr tərəfindən təsdiqlənməyib və xəbər müxalifət kanallarının iddialarına əsaslanır. Vəziyyətlə bağlı əlavə məlumatlar dəqiqləşdirilir.//nocomment.az
