Kamil Musəvi, cığallıq etmə!backend

Kamil Musəvi, cığallıq etmə!

Kiçik çilə olsa da, ölkə bahar nəfəsi ilə parlament seçkilərinə gedir. Namizədlərin təbliğat-təşviqat kampaniyası da iki günə yekunlaşır. Anlaşılan odur ki, seçilmək üçün ciddi mübarizə aparan şəxslər arasında bərabər imkanlar yaradıldı. Amma bərabər imkanları olmayan namizədlər də çoxluq təşkil etdi. Elə buna görə də belələri arasında cığallıq edənlər də az olmadı. İcra başçılarının və yerlərdəki nümayəndələrinin müdaxiləsini qabartmağa çalışan bu tipli namizədlər seçki kampaniyasını uğurla başa vurmadığını gördükləri üçün gah “ədalətsiz mühitdən” dəm vurdular, gah da rəqiblərinə kölgə salmaqla prosesin daha qəliz şəkil almasına cəhd etdilər. Seçki palitrasında rəngləri qarışdırmaq “istedadları” da bu məsələdə uğur qazanmadı.

Şəxsiyyətinə hörmət etdiyim, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın qayğısı ilə dəfələrlə müalicə alan Kamil Musəvi də təəssüf ki, belələrindən oldu.

O, 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd kimi anlamır ki, imkanlar başqa məqamları diqtə edir.

Ona görə də cəmiyyətdə Qarabağ döyüşçülərinə olan hədsiz sevgidən sui-istifadə etməklə, əlbəttə, ciddi yanlışlığa yol verir.

Bəli, Kamil Musəvi Vətən uğrunda döyüşüb, hər kəsin sevimlisidir. Amma bu, ona ixtiyar vermir ki, seçki mübarizəsində köhnə ənənələrdən danışsın, özünü piar etmək üçün seçki prosesini gözdən salsın, əhalinin hissləri ilə oynamaq kimi təhlükəli və riskli effekt əldə etsin.

Kamil Musəvi, primitiv instrument rolunu ifa etməkdən çəkin. Emosional olma və diqqətlə oxu. Mütərəqqi seçki formatını və prosesi anlamağa çalış.

Quran-Kərim qədər müqəddəs olan Dövlətçilik anlayışına malik olsaydın, ifrat emosiyaların diqtəsilə Qarabağ qazisi adından yararlanmağı özünə yaraşdırmazdın.

Gəlin, bir məqama da diqqət yetirək və mənim haqlı olduğum o zaman bəlli olacaq. Sən demə, media özü də bilmədən çox vaxt  Kamil Musəvini aprel döyüşlərində yaralanmış qazi kimi təqdim edib. Etiraf edim ki, mənim üçün bütün Qarabağ döyüşçüləri əziz olub və mən onları dövrə görə bölmək fikrindən uzağam.

Ancaq məsələ burasındadır ki, 2016-cı ilin aprelin 1-də başlayaraq 6-da başa çatan və tarixə “Dördgünlük savaş”, “Aprel döyüşləri” kimi düşən, Azərbaycan Ordusunun tam qələbəsi ilə başa çatan hərbi əməliyyatlarda Kamil İbadət oğlu Müsəvi iştirak etməyib.

Məlumat üçün onu deyim ki, Kamil qardaşımız 2015-ci ilin oktyabr ayında Naftalan, Talış kəndi istiqamətində gedən döyüşlərdə kəşfiyyat qrup komandiri vəzifəsində döyüş tapşırığı yerinə yetirərkən düşmən  minasının partlaması nəticəsində ayağını və gözünü itirib.

Cəmiyyətimizdə öz sağlamlığını döyüş şəratində itirdiyinə görə böyük sevgi qazanmış Kamilin birdən-birə bu qədər populyarlaşması sözün açığı indi mənə aydın olur.

Kamil yaxşı döyüşçü, vətənpərvər zabit və nümunəvi vətəndaş ola bilər. Amma bu, o demək deyil ki, Musəvi deputat kimi Milli Məclisdə tam gücü ilə çalışacaq.

Axı ona nə lazımdır?! Diqqət, qayğı bəlkə də digər qazilərimizlə müqayisədə ona daha çoxdur. Statusu da hər kəsin ürəyindədir.

İstəyirəm, Kamil reallığı tam dərk eləsin ki, qazi adından sui-istifadə etmək ona yaraşmır, bayağı görünür. Təəssüf ki, onun çıxışlarında ölkədə daxili və xarici siyasətin tənzimlənməsini və nəticədə demokratik prinsiplərə və dərin tarixi köklərə əsaslanan inkişaf konsepsiyasının uğurlu icrasını anlamayan populist Kamili görürük. Deməyim odur ki, qazi qardaşımız siyasi ambisiyaları ilə nüfuzdan düşə bilər axı. Bax qorxulusu da budur. Fəal ola bilərsən, ancaq təəssüflər olsun ki, qanunverici orqanda təmsil olunmaq üçün bütün bunlar yetərli deyil.

Sən yaxşısı budur gənclərə vətənpərvərliyi təbliğ elə! Öz döyüş dostlarınla birgə o qədər görüləcək işlər var ki! Buna rəğmən hakimiyyətə müxalif olan və ya düşüncə tərzlərində kin və paxıllığın daşlaşdığı siyasilərə yem olmağa meyllənmə! Və yaxşı olar ki, ölkəmizdə gənc və perspektivli şəxslərin irəli çəkilməsi prosesinə daha effektli formada öz töhfələrini əsirgəmə!

Ən əsası isə cığallıq etmə!

Fadil Paşayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*