Əllərində özəlləşdirmə payları (çeklər) qalan yüzminlərlə vətəndaş adından Milli Məclisin üzvlərinə növbəti müraciət ünvanlanıb.
KONKRET.az xəbər verir ki, dövlətin qiymətli kağızının tədavül müddətinin qanunsuz olaraq 2011-ci ildə bitməsindən narazı qalan vətəndaşlar pozulan hüquqlarının bərpasını tələb edirlər.
Haqq sahiblərinin deputatlara müraciətində qeyd edilir ki, yüzminlərlə vətəndaşın hüquqlarının əlindən alınmasına təcili diqqət yetirilməli və yardım edilməlidir. Haqqı pozulan vətəndaşlar Milli Məclis üzvlərinə müraciətlərinin mətnində özəlləşdirmə çeklərinin tədavül müddətinin bitməsinin niyə qanunsuz olduğunu hüquqa uyğun şəkildə izah ediblər. Deputatlardan xahiş olunur ki, Nazirlər Kabinetindən, Konstitusiya Məhkəməsindən, bütün aidiyyəti dövlət orqanlarından vətəndaşların hüquqlarının bərpasını tələb etsinlər.
Özəlləşdirmə çekləri sahiblərinin müraciətləri əsasında Prezident İlham Əliyevin adından problemin aradan qalxması, tarixi ədalətin bərpası üçün Konstitusiya Məhkəməsinə məktub ünvanlanıb. Amma Konstitusiya Məhkəməsi haqqı tapdanmış yüz minlərlə vətəndaşın problemi ilə bağlı qərar vermir. Vətəndaşlar deputatlara ünvanladıqları müraciətdə Milli Məclis üzvlərindən problemin həllində yardımçı olmalarını xahiş edirlər.
Yada salaq ki, 1996-cı ildə Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq üçün paylanmış qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Əllərində qiymətli kağız olan vauçerləri qalmış yüzminlərlə vətəndaş tədavül müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir.
Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Sabiq maliyyə naziri, professor Fikrət Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a qeyd etdi ki, vətəndaşların böyük əksəriyyəti özəlləşdirmənin birinci mərhələsində əldə etdikləri özəlləşdirmə paylarından maksimum yararlana bilib:
“Özəlləşdirmənin birinci mərhələsi başa çatdıqdan sonra hökumət bu çeklərin sonrakı taleyi ilə bağlı addım atdı. Prezidentin 2009-cu il tarixli fərmanı ilə dövlət özəlləşdirmə çeklərinin son istifadə müddətinin 01 yanvar 2011-ci il tarixində başa çatacağı elan edildi və bildirildi ki, həmin tarixdən çeklər tədavüldən çıxarılacaq. Bu gün həmin çeklərin yenidən dövriyyəyə cəlb edilməsi və ya onların bərpa edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Özəlləşdirmə çekləri özəlləşdirmə prosesinin birinci mərhələsində dövriyyəyə buraxılmışdı və bu mərhələ artıq çoxdan başa çatıb. Yəni bu çeklər artıq öz missiyasını başa vurublar.
Vaxtilə bu çekləri alan vətəndaşlar onlardan faydalanıb mülkiyyət sahibinə çevrilmək istəyində olsalar da, o vaxt özəlləşdirilən bir çox müəssisələrdə əsas payçılar, yəni özəlləşdirilən müəssisələrdə nəzarət səhm paketinə sahib olan şəxslər, özəlləşdirmə payı kimi əlində çeklər olan adamları mümkün qədər özəlləşmə prosesində iştirakdan uzaqlaşdırmağa çalışırdılar və çox təəssüf ki, bir çox hallarda onlar istəklərinə nail oldular. Digər bir qrup insanlar isə aldadılaraq inandırılırdı ki, bu çeklərin gələcəkdə qiymətləri fantastik həddə qədər artacaq və bu səbəbdən onları gələcək üçün qoruyub saxlamaq lazımdır. Başqa bir həqiqət isə bundan ibarətdir ki, özəlləşdirilməyə çıxarılan müəssisələrdə nəzarət zərfinə sahib olan şəxslər bu çeklərin istifadə müddətinin başa çatması barədə bildikləri məlumatları əlində çeklər olan məlumatsız sadə insanlardan gizlədiblər. Digər tərəfdən, dövlətin aidiyyəti qurumlarında bu məsələdə zəruri maarifləndirici təbliğat təşkil edə bilməyiblər ki, insanlar bu çeklərlə bağlı gerçəklər barədə tam məlumatlansınlar. Hesab edirəm ki, özəlləşdirmə çeklərinin son istifadə müddətinin 1 yanvar 2011-ci il tarixində başa çatacağı barədə əhali arasında çox böyük təbliğat işləri aparılmalı və onlar bununla bağlı xəbərdar edilməli idilər. Bu işlərin aidiyyəti qurumlar tərəfindən lazımi səviyyədə təşkil edilməməsi, müəssisələrdə isə nəzarət zərfinə sahib olan şəxslərin bu çeklərin gələcək taleyi barəsində onun sahiblərinə yanlış məlumatlar ötürməsi və ya onları qəsdən məlumatlandırmamaları nəticəsində dövriyyəyə buraxılmış özəlləşdirmə çeklərinin təqribən 20%-ə qədəri bu gün insanların əllərində qalıb. O çeklər indi adi bir kağız parçasından başqa heç nə deyil”.
Professor qeyd edir ki, artıq bir neçə ildir insanların əllərində qalmış özəlləsdirmə çeklərinin sonrakı taleyi ilə bağlı cəmiyyətdə çoxsaylı çağırışlar eşidilir: “Hesab edirəm ki, aidiyyəti qurumlar məsələyə münasibət bildirməli və bununla da cəmiyyətdə dolaşan bu çağırışlara aydınlıq gətirməlidir”.
Ekspert Əkrəm Həsənov bildirir ki, bu məsələ ilə bağlı dəfələrlə müraciətlər qəbul edib: “Mövqeyim dəyişməyib. Dövlət bu sahəyə diqqət yetirməli və sonuncuların hüquqlarını müdafiə etməlidir. Amma hər bir halda özəlləşdirmənin nəticələrini qəbul etmək lazımdır. Mülkiyyət hüququ toxunulmazdır. Əks halda, biz heç vaxt normal iqtisadiyyat qura bilməyəcəyik. Bütün ölkələrdə ilkin iri kapital ədalətsiz yollarla əldə edilib. Bizdə də bu, belə olub. Olan olub. Yaxşı bəs çeklərindən istifadə etməyənlərin arqumenti nədir? Axı niyə dövlət dəfələrlə müddəti uzadıb, amma onlar çeklərdən istifadə etməyiblər? Nəyi gözləyirdilər ki? O zaman yalandan söz buraxmışdılar ki, guya çeklərin istifadə müddəti qeyri-məhduddur. Aydın məsələdir ki, istifadə edilməyən çeklərin mütləq əksəriyyəti sadə vətəndaşların deyil, möhtəkirlərin əlində cəmləşib. Deməli, suyu bulandıran da əsasən onlardır. Neçə vaxtdır ki, çeklərin istifadə müddətinin uzadılmasına çalışırlar. Sadə insanlardan da istifadə edirlər”.Ayna.az
Menim ve qohumlarimin butun cekleri mendedir . Men de umid edirem ki , bu mesele oz hellini tapmalidir . Onu qeyd edim ki , sozu geden 1-ci merhelede men Baki sheherinde cekleri sehm kimi yerleshdirmek ucun cox cehd etdim , amma bizi qapidan iceri buraxan olmadi… umid edirik bu defe meseleni duzgun hell ederler…