Kolumbiya prezidenti Qustavo Petro Ramallahda səfirliyin açılması barədə göstəriş verib. Daha əvvəl İsraillə diplomatik əlaqələri kəsdiklərini açıqlayan Petro bildirib ki, bu, atacaqları növbəti addımdır.
KONKRET.az xəbər verir ki, Cənubi Amerika ölkəsi Kolumbiya Fələstində səfirlik açmağa hazırlaşır. Kolumbiyanın xarici işlər naziri Luis Gilberto Murillo verdiyi açıqlamada Kolumbiya Prezidenti Qustavo Petronun Fələstinin Ramallah şəhərində səfirliyin açılmasına göstəriş verdiyini açıqlayıb.
Murillo deyib ki, o, tezliklə daha çox ölkənin BMT-də Fələstin dövlətinin tanınmasına dəstək verməyə başlayacağına inanır.
İşğal altındakı İordan çayının qərb sahilində yerləşən Ramallah Fələstin prezidenti Mahmud Abbasın rəhbərlik etdiyi Fələstin Muxtariyyətinin inzibati paytaxtı kimi fəaliyyət edir.
Ayın əvvəlində Təl-Əvivdəki səfirini geri çağıran Petro Qəzzaya hücumlara görə İsraillə diplomatik əlaqələrini kəsib. Petro İsrailin baş naziri Benyamin Netanyahunu sərt tənqid etsə də, o, Haaqa Beynəlxalq Ədalət Məhkəməsində İsraili soyqırımda ittiham edən Cənubi Afrikanın işinə müdaxilə etməməyi xahiş edib.
Qeyd edək ki, Kolumbiya 2018-ci ildə Fələstini dövlət kimi tanıyıb.
Natiq Səlim,
KONKRET.az
