“Kondisioner uşaqlara özü mənfi təsir göstərmir. Əsas məsələ ondan düzgün istifadə etməkdir”.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun doktorantı pediatr Regina Nemətova deyib.
Onun sözlərinə görə, yay aylarında otaqda temperaturun 22-24 dərəcədən yüksək olmamasına çalışmaq lazımdır. Körpə və ya böyük uşaq olmasından asılı olmayaraq, otağın temperaturuna diqqət edilməlidir:
“Kondisionerdən istifadə edərkən onun filtrlərini mütəmadi təmizləmək və dəyişdirmək lazımdır. Çirkli filtrlər havanın keyfiyyətini pisləşdirə və mikroorqanizmlərin toplanmasına səbəb ola bilər.
Digər vacib məqam isə uşağı birbaşa kondisionerin qarşısında və ya altında saxlamamaqdır. Soyuq hava axını uşağın üzərinə birbaşa düşməməlidir. Kondisioneri başqa istiqamətə yönəltmək və ya uşağın yatağını, oyun yerini hava axınından uzaq yerləşdirmək lazımdır. Bunlara əməl edildiyi halda kondisionerdən rahat istifadə etmək olar”.
