Bu gün cəmiyyətdə banklara qarşı böyük etimadsızlığın hökm sürdüyü acı reallıqdır. Vətəndaşlara süni problemlərin yaradıldığı barədə faktlar zamanla sosial medianın müzakirə mövzusu olsa da, nədənsə banklar öz fəaliyyətlərində ciddi dönüş yatarmır, müştəri məmnuniyyətində o qədər də maraqlı görünmürlər.
Haqqında bəhs edəcəyimiz bankın müştərisi ilə arasında yaranan problem də süni şəkildə uzadılıb və yalnız medianın araşdırması nəticəsində həllinə dair söz verilib.
Söhbət “Unibank”la Abşeron rayon sakini Raqib Qədir oğlu Günəşov arasında yaranan 13 illik narazılıqdan gedir.
KONKRET.az-a ünvanladığı şikayət məktubunda R.Günəşov problemin təfərrüatları barədə bunları deyib: “2010-cu ildə “Unibank”dan 7800 manat kredit götürüb, 2012-ci ilə qədər ödəniş etmişəm. 2012-ci ildə isə avtomobilimi ödəniləcək məbləğ əvəzinə bankın problemlər şöbəsinə təhvil vermişəm. Lakin bank 2 aydan sonra qalıq borca görə məni məhkəməyə verdi. Məhkəmə bank əməkdaşından və məndən avtomobilin harada olduğunu soruşdu. Mən də girov kimi banka təhvil verdiyimi dedim. Məhkəmədə bank əməkdaşına deyildi ki, maşın girov kimi onlara təqdim edilib, başqa nə istəyirsiniz? Daha sonra “Unibank”ın baş ofisinə getdik və mən bankın əməkdaşına nəqliyyat vasitəsinə mülkiyyət hüququnu təsdiq edən dövlət qeydiyyat şəhadətnaməsi verdim ki, avtomobili sata bilsinlər”.
Şikayətçi deyir ki, üzərindən uzun illər keçməsinə baxmayaraq, nə adına olan borc, nə də gecikmə silinib.
Məsələ ilə bağlı “Unibank”ın mövqeyinə gəlincə, İctimaiyyətlə əlaqələr və media şöbəsinin müdiri Sülhiyyə Şirinova bildirdi ki, bank qanunvericiliyinə görə, müştərinin məlumatları bank sirri hesab olunduğundan üçüncü tərəfə məlumat verə bilməzlər: “Müştəriyə məsələnin nəticəsi ilə bağlı məlumat verilib. Nəticə haqda ondan öyrənin”.
Sonda əlaqə saxladığımız şikayətçi Raqib Günəşov isə belə cavab verdi ki, dünən bankdan ona zəng olunub və adına olan gecikmə və borcun silinərək, problemin tam aradan qaldırılacağı deyilib.
Mövzunu diqqətdə saxlayacağıq.
Mərahim Nəsib,
KONKRET.az
