Bir neçə gün öncə redaksiyamıza daxil olan şikayət əsasında ictimailəşdirilən məsələ müsbət həllini tapıb.
KONKRET.az xəbər verir ki, Vətən Müharibəsi qazisi Mehman İsmayılov xeyli müddətdir “Ata Sığorta” ASC-dən sığorta ödənişini ala bilmədiyini və süründürməçiliyə məruz qaldığını bildirirdi. Qazinin sözlərinə görə, sığorta hadisəsi ilə bağlı tələb olunan ödəniş müxtəlif bəhanələrlə gecikdirilir, bu isə avtomobilin uzun müddət istifadəsiz qalmasına səbəb olurdu.
Məsələ KONKRET.az tərəfindən işıqlandırıldıqdan və “Ata Sığorta” ilə əlaqə yaradıldıqdan sonra şirkət zərərçəkənin ödənişini 2-3 gün ərzində həyata keçirəcəyinə söz vermişdi. Artıq problem həllini tapıb və ödəniş təmin olunub.
Məsələnin mediada ictimailəşdirilməsindən sonra ödənişin həyata keçirilməsi bir daha göstərir ki, vətəndaş müraciətlərinin operativ və şəffaf işıqlandırılması problemlərin vaxtında həlli baxımından mühüm əhəmiyyət daşıyır.
Müşviq Tofiqoğlu
KONKRET.az
