Koronavirusa qalib gəlməyin yeni forması tapıldı – Falçılıq – ŞOKbackend

Koronavirusa qalib gəlməyin yeni forması tapıldı - Falçılıq - ŞOK

“…Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım. O kəsləri deyib gəlmişəm ki, söhbətimi xoşlamayıb bəzi bəhanələr ilə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmaga, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmalar buyurublar: sözünü o kəslərə de ki, sənə qulaq vermirlər…”

Əziz oxuclar! Bildiniz yəqin, bu sətirlər “Molla Nəsrəddin” jurnalının məşhur proloqudur. Düz 116 il bundan əvvəl yazılan bu qiymətli sətirlər bu gün də öz dəyərini itirməyib. Doğrudur indi at arabasında yox,ən son model avtomobillərdə gəzirik. Geydiklərimizi fatmanisələr, usta zeynallar tikmir, “zakaznan” İspaniyadan, Fransadan, lap elə uzaq Amerikadan gətizdiririk. Amma təfəkkürümüz dəyişməyib.Yenə qafamız feodal təfəkkürdə, yanaşmada ilişib qalıb. Hə.., bir də dəyişən əyləncələrimizin formasıdır (mahiyyəti yox, haaaa..).

İndi xoruz döyüşdürmürük, maşın döyüşdürürük, “avtoş”luq edirik. Dərviş nağılına qulaq asmırıq, amma saatlarla internetdə mənasızca vaxt itiririk. Amma hamamda (daha doğrusu saunada) yatanlarımız indi də çoxdur. Fala baxdırmağımız da eynən qalıb. Vəzifə istəyən falçıya gedir, çoxlu pul istəyən falçıya gedir, uşağını ali məktəbə dürtüşdürmək istəyən falçıya gedir.

Hə,.. indi də dəb düşüb. Koronavirusdan qorunmaq istəyənlər də falçıya ayaq açıblar. Gedib bir ətək pul töküb qələm çaldırırlar ki, amandır, koronavirus mənim ailəmdən uzaq dursun.

Əziz oxucu! Bilirsinizmi, bütün bunların səbəbi nədir? NADANLIQ… Dünyada yeganə millətik ki, müəllimə rüşvət veririk ki, “mənim uşağımı öyrətmə”. Bu NADANLIQ deyil, bəs nədir?! Savadsız, lakin diplomlu insan hardan baxsan nadan və cahildir. Məhz nadanlığımız və cahilliyimiz ucbatından hər zaman itirməyə məhkum olmuşuq. Çünki hər bir uğurun açarı elmin, savadın süzgəcindən keçir. Bizdə isə bu gün diplomlu o qədər cahil var ki…

Cahillik isə təkcə özünə qarşı deyil, həm də sivilzasiyaya qarşı durmaq deməkdir. Necəki Azərbaycanda baş verən bir çox olayların dünyada anoloqu yoxdur. Götürək elə COVID-19-a qarşı sərgilədiyimiz münasibəti. Sivilizasiya 6 aydır bar-bar bağırır ki, “…Ay aman, özünüzü qoruyun, çoxluqdan təcrid olunun, tibbi maska taxın …” və ilaxır və sair.

Amma biz dünyaya qarşı çıxırıq. Nadancasına deyirik ki,..”əşi boş şeydir, qorxunun əcələ faydası yoxdur..”. Hələ üstəlik Allah-təalanı da cahilliyimizə şərik edib deyirik ki, “…yazıya pozu yoxdur…”

Bu gün Azərbaycanda koronovirus pandemiyasına qarşı sərgilənən toplum münasibət nə yazıq ki, belədir. Ona görə də dünyada pandemiya səngiməkdə olduğu halda bizdə dinamika var. Hər gün ölüm sayları artır. Yoluxanları sayı artıq 3 rəqəmlə ifadə olunur. Hər min nəfərə düşən  yoluxma sayına görə Azərbaycan dünyada ilk 5-likdə yer alır. Bütün bunlarınsa bir səbəbi var – CAHİLLİK… Məhz CAHİLLİK və NADANLIĞımız üzündən bizlər dünyada yaxşı işlərdə sonuncu, pis əməllərdə isə ilkin yerləri tutmağa pərgarıq. Təsadüfi deyil ki, cəmiyyətimizin COVID-19-la ölüm-dirim savaşına girdiyi bir vaxtda dəllal soydaşlarımız pis əməllərindən geri qalmır. Məsələn, mart ayında 3-5 qəpiyə satılan tibbi maskanın qiyməti qısa zamanda ən azı 6-10 dəfə qalxdı. Baxmayaraq ki, mart ayında 3-5 qəpiyə aldığımız tibbi maskalar ölkəmizə idxal  olunurdu. Amma bu gün 30 qəpiyə aldığımız maska Azərbaycanda istehsal olunur. Göründüyü kimi xalqın faciəsindən pul qazanmağı özünə “şərəf”  bilən tək millət – BİZik…

Bu NADANLIQ deyil, bəs nədir?!…Bu gün Azərbaycanda fəaliyyət göstərn 5 təşkilatdan 3-nün işi xalqa cərimə kəsməkdir. Polis cərimələyir, Səhiyyə Nazirliyi cərimələyir, icra hakimiyyətləri cərimələyir, Qida Təhlükəsizliyi Agentliyi cərimələyir…

Haml pul qazanmaq eşqindədir. Di gəl ki, pandemiya ilə bağlı davamlı maarifləndirmə işi aparan 3 qurumunun adını çəkmək mümkün deyil. Bu NADANLIQ  deyil, bəs nədir?! Yeri gəlmişkən,ötənlərin bir xatirəsini danışmaq istəyirəm…1990-cı ilin payızında komsomolun qurultayında nümayəndə idim. Qurultayın panel iclasında mən hüquq və qanunvericilik bölməsinə düşmüşdüm. Panel iclası o vaxtkı Mərkəzi Komitənin binasında (indiki Prezident Administrasiyasında) keçirilirdi.Rəyasət heyətində Mərkəzi Komitənin ideologiya üzrə katibi Əfrand Daşdəmirov, Daxili İşlər naziri Məhəmməd Əsədov və Baş prokuror İsmət Qayıbov əyləşmişdi. Maraqlı dialoq şəraitində keçən iclasda mənə də söz verildi. Gənclik enerjisi ilə, çox alovlu bir çıxış etdim.

Dedim ki, Əfrand müəllim, siz bizlərə tövsiyə edirsniz ki, beynəlmiləlçi olun, başqa millətlərin nümayəndələrinə qarşı hörmət göstərin və ilaxı və sair. Nəyə görə biz hər zaman qonşumuzu 2 inəkli, özümüzə isə bir inəkli olmağı arzulayacağıq? Nə vaxtadək bilməyərəkdən erməni dəyirmanına su tökəcəyik. Nəyə görə yanvardan bu yana respublikamızda fövqəladə rejimi davam edir. Biz bununla dünyaya göstəririk ki,ermənilər düz deyir. Biz qan içən, idarəolunmaz kütləyik, bizi ancaq xüsusi qaydalarla idarə etmək olar… Zal mənim çıxışımı gur alqışlarla dəstəklədi. Rəhmətlik İsmət Qayıbov gülümsünə-gülümsünə başı ilə mənimlə razı olduğunu təsdiqlədi. Əfrand müəllim isə dedi ki, qərar Moskvanındır. Bizdə bu vəziyyəti istəmirik, amma razılaşmaq məcburiyyətindəyik…Bununla onu demək istəyirəm ki, bu gün xalqın üstünə sərt qaydalarla, cərimələrlə getmək düz deyil. Bununla bir millət kimi özümüzü beynəlxalq aləmdə ifşa etmiş oluruq.Yəni azərbaycanlılar ancaq inzibati yolla idarə oluna bilər…

Maarifçilik yolunu biz niyə arxaya atırıq. Maarifləndirmə yolu ilə koronavirusa qalib gələn ölkələrin təcrübəsini bəyəm Azərbaycana tətbiq eləmək olmaz?! Keçən dəfə səfirimiz Vilayət Quliyev Macarıstan təcrübəsindən danışır. Deyir ki, Macarıstanda heç bir cəza tədbiri tətbiq olunmadı. Sadəcə insanlara izah edildi ki, maska taxın, sosial məsafəni gözləyin. Beləcə çox az itki ilə Macarıstan koronavirusa qalib gəldi. Və yaxud götürək qonşu Gürcüstanı. Bu ölkədə xəstəliyə yoluxanların sayı hələ 1000 nəfərə çatmayıb.Ölənlərsə 15 nəfərdən azdır. Bizdə tətbiq edilən sərt cəzanın heç 30 faizi bu ölkədə tətbiq edilməyib. Lap elə Çini də misal göstərmək olar. Mənim bir yaxınım indidə Pekində yaşayır. Deyir ki, ən çətin günlərdə belə əhaliyə cərimə tətbiq edilmədi. Sadəcə ictimai yerlərə çıxan adamlardan maska taxması tələb olunurdu. Və bütün metro girişlərində və sıx hərəkət zonalarında növbətçi həkim briqadaları mütəmadi adamların hərarətini yoxlayırdı.

Yüksək hərarəti olan vətəndaş isə həmən xəstəxanaya götürülürdü. Eyni zamanda, həkimlər mütəmadi evlərə gedib fərdi qaydada vətəndaşların səhəti ilə maraqlanırdı. Beləcə, dünya əhalisinin dörddə birinə malik Çin cəmi 3 aya bu xəstəliyə qalib gəldi. Bizdə isə hər şey anoloji qaydada gedir. Hər gün cərimələrin miqdarı artırılır. Cəza tədbirləri sərtləşdirilir. Lakin nəticə yoxdur. Xəstələrin və ölənlərin sayı durmadan artır. Deməli, bizim mübarizə yolumuz doğru deyil. Çünki bütün məsələlərdə olduğu kimi COVİD-19-a qarşı mübarizə tədbirlərini də orjinal qaydada aparırıq. Mübarizəmizdə bu bəladan qurtulmaq üçün sivilizasiyanın üstünlük verdiyi terapiya yolu deyil, daha az ölkələrin istifadə etdiyi cərrahiyyə qaydaları üstünlük təşkil edir.

Çox təəssüf… Nəhayət, fikirlərimi yenə “Molla Nəsrəddin”in məşhur çağrışı  ilə yekunlaşdırmaq istəyirəm…”Sözüm o kəslərədir ki, məni eşitmir..” Ey, əhli Azərbaycan vallah, bütün bəlaların xilası maarifçilikdən keçir…Elə koronovirus pandemiyasının da…

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*