Korrupsiyalaşmış sistem dövlət daxilində dövlətə çevrilib – TƏHLİLbackend

Korrupsiyalaşmış sistem dövlət daxilində dövlətə çevrilib - TƏHLİL

Qazaxıstanın Türküstan vilayətinin Sarıağaş rayonunda beş yaşlı qızın zorlanaraq öldürüldüyü faciə bu gün də qardaş ölkədə ciddi müzakirə edilir.

KONKRET.az xəbər verir ki, cinayəti həmin rayonun Jibek Jolı kənd sakini, əvvəllər məhkum olunmuş Saydolım Qaybnazarov törədib. O, yerli sakinlərin hüquq-mühafizə orqanları ilə birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Hazırda həbs edilən şəxsi 20 il ciddi rejimli düşərgədə olmaqla ömürlük həbs gözləyir.

Artıq ölkədə belə bir yekdil fikir var ki, əgər Qazaxıstan hüquq-mühafizə və ədliyyə orqanları qanunvericiliyin prinsiplərini rəhbər tutsaydılar, bu gün təcavüzkar və qatil Qayıbnazarov həbsxanada olardı. Və bununla da o, azadlıqda yeni faciəni törətməzdi.

Qeyd edək ki, dəhşətli cinayətdən sonra məlum olub ki, Qayıbnazarov 2023-cü ilin mart ayında bir nəfəri öldürməyə cəhd edərək ona ağır bədən xəsarəti yetirib. Həmin vaxt cinayətin açıq-aşkar qəsdən və insan həyatına sui-qəsd olmasına baxmayaraq, həbs edilməyib.

Müstəntiqlər Qazaxıstanın Türküstan vilayətinin Sarıağaş rayonunda Qayıbnazarovun əməlini daha yüngül cinayət maddəsi ilə kvalifikasiya edib. Nəticədə 2023-cü ilin mayında məhkəmə onu yalnız üç il müddətinə azadlığının məhdudlaşdırılması cəzasına məhkum edib. Ancaq S.Qayıbnazarov residivist olduğu, əvvəllər adam öldürməkdə təqsirli bilindiyi, 10 ilini koloniyada keçirməsi əsas verirdi ki, ona daha ağır cəza verilsin.

Sarıağaş Rayon Məhkəməsi – hakimlər Nurkazı Şetenov və Aygül Malayeva o zaman, 2023-cü ilin əvvəlində Qazaxıstan üçün görünməmiş humanizm nümayiş etdirərək, residivistin həbsinə sanksiya vermədilər. Beləliklə, azadlıqda qalan Qayıbnazarov 4 ay sonra beşyaşlı qızı qaçırıb və zorlayaraq öldürüb.

Yeri gəlmişkən, xüsusi olaraq vurğulayaq ki, Qayıbnazarov qazax ədalətinin izaholunmaz humanizmlə yanaşdığı yeganə residivist deyil. Ümumiyyətlə, məhkəmələr bəzən qəribə humanizm nümayiş etdirərək, dəfələrlə zorakılıq törətməkdə təqsirli bilinən təhlükəli cinayətkarları azadlığa buraxırlar və Qazaxıstan prokurorluğu da buna göz yumur.

Məsələn, bir neçə il əvvəl Almatıda bir taksi sürücüsü tərəfindən tələbə qətlə yetirilmişdi. Lakin o, uzunmüddətli həbsdən canını qurtara bilmişdi.

Maraqlıdır ki, uzun illər Qazaxıstanda paradoksal vəziyyət yaranıb. Belə ki, məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək məqsədilə hakimiyyət bu sahədə ciddi addımlar atıb və nəticədə hakimlər Qazaxıstan vətəndaşlarının digər kateqoriyalarından daha çox qanunla müdafiə olunublar. Hazırda məhz Qazaxıstan hakimləri həm toxunulmazlıqdan, həm də imtiyazlardan, o cümlədən ömürlük faktiki təyinat imkanlarından tam istifadə edirlər. Məhkəmə sistemi nə hakimiyyət, nə də cəmiyyət tərəfindən lazımi nəzarətə məruz qalmır. Ona görə də bu sistem böyük korrupsiya xərcləri ilə dövlət daxilində dövlətə çevrilib. Bu gün Qazaxıstanda Ali Məhkəmədən başqa heç kim hakimlərə nəzarət etmir.

  • Eyni zamanda, ictimaiyyət bəzən Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşlarını, daha çox Daxili İşlər Nazirliyinin nümayəndələrini və daha az hallarda prokurorluq işçilərini məsuliyyətə cəlb edə bilir. Vətəndaş fəalları, jurnalistlər və ictimai təşkilatların nümayəndələri demək olar ki, heç vaxt hakimləri məsuliyyətə cəlb etməyə nail ola bilməyib. Açıq-aşkar korrupsiyaya, hakimlərin tez-tez səriştəsizliyinə baxmayaraq, hələ də hakimlərin vəzifədən kənarlaşdırılması faktlarına nadir hallarda rast gəlinir.

“Atameken” MTK-nın İdarə Heyətinin sədri Ablay Mırzaxmetovun Ali Məhkəmənin hakimlərinə rüşvət vermək üçün apardığı 30 milyon dollar nağd pulla saxlanılması ilə bağlı son səs-küylü insident korrupsiyanın miqyasını əyani şəkildə nümayiş etdirir.

Göründüyü kimi, ölkədə məhkəmə sistemində hakimlər üçün cəzasızlıq hökm sürür. Qazaxıstan məhkəmələri nəinki zorlama və qatil işlərində qanunu asanlıqla pozur, onları rüşvətlə azad edir, həm də oliqarx, korrupsioner və ya kriminal strukturların müdafiəçisi kimi çıxış edərək “yeni Qazaxıstan” quruculuğu kursunu birbaşa sabotaj edir.

Ədalət sağlam dövlətin əsasıdır ki, burada hər bir vətəndaş, müəssisə və ya ictimai birlik ictimai qalmaqallar, qanunsuz hərəkətlər və ya ölkə prezidentinə ünvanlanmış müraciətlərlə deyil, məhkəmədə ədalət axtarmaq imkanına inam olmalıdır.

Qazaxıstanın Türküstan vilayətinin Sarıağaş rayonunda baş vermiş faciə məhkəmə-hüquq sistemində nəinki korrupsiya komponentinin aradan qaldırılacağı, həm də hakimlərin şəxsi məsuliyyəti ilə bağlı genişmiqyaslı islahatların başlanması üçün tətik ola bilər.

Xüsusilə, hakimiyyət orqanları həbs, əmlakın müsadirəsi, ömürlük həbs kimi cəza növlərinin tətbiqi ilə hakimlərin şəxsi məsuliyyətini tətbiq etməli olacaqlar. Çünki hazırda Qazaxıstanda qərarı tanınmayan bir hakim yoxdur. Belə hakimlər səhv qərarlar verdiyi üçün heç bir məsuliyyət daşımır və ölkə məhkəmələri hər ay yüzlərlə ədalətsiz qərarları verməkdə davam edir.

Hazırladı: Natiq Səlim,

KONKRET.az

P.S. Məlumatlar Qazaxıstanın media orqanlarından və məhkəmə sisteminin bugünki vəziyyəti ilə bağlı hazırlanan hesabatlardan götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*