Növbəti xəbərdarlığa qədər Krım körpüsünün avtomobil hissəsində hərəkət yalnız minik maşınları üçün açıq olacaq.
KONKRET.az xəbər verir ki, bunu Krımın rəhbəri Sergey Aksyonov Telegram kanalında deyib.
“Əlavə məlumat verilənə qədər Krım körpüsünün avtomobil hissəsində hərəkət yalnız minik maşınları ilə həyata keçiriləcək. Dəmir yolu xətti normal rejimdə işləyəcək. Bütün növ avtobusların və ağır tonajlı avtomobillərin daşınması Kerç Dəniz Balıqçılıq Limanı – Kavkaz Limanı marşrutu üzrə Lavrentiy bərəsi ilə həyata keçiriləcək. Bərə xidməti ödənişsiz fəaliyyət göstərəcək” – deyə Aksyonov bildirib.
O, həmçinin deyib ki, dəniz nəqliyyatı obyektlərində təhlükəsizliyin təmin edilməsi üzrə işlər gücləndirilib.
Xatırladaq ki, ötən gün Krım körpüsündə yük maşını partlayıb. Fövqəladə vəziyyətlə əlaqədar keçiddə nəqliyyatın hərəkəti dayandırılıb.
Günel Mikayılova,
KONKRET.az
