Rusiya tərəfindən ilhaq edilmiş Krım yarımadası və Sevastopolda fövqəladə vəziyyətin elan olunması Rusiya–Ukrayna müharibəsinin gedişində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Xüsusilə enerji və yanacaq infrastrukturuna yönələn hücumların intensivləşməsi fonunda regionda təhlükəsizlik vəziyyətinin daha da gərginləşdiyi bildirilir.
Bəs Krımda yaranmış vəziyyət cəbhədə qüvvələr nisbətini dəyişə və Rusiyanın hərbi imkanlarına ciddi təsir göstərə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Aydın Tağıyev bildirib ki, Krım və Sevastopolda fövqəladə vəziyyətin elan olunması, xüsusilə enerji və yanacaq obyektlərinə endirilən zərbələr fonunda müharibənin yeni mərhələyə keçdiyini göstərir.

“Ukrayna ordusunun Krımda elektrik stansiyaları və yanacaq depolarına endirdiyi hücumlar Sevastopolda genişmiqyaslı elektrik kəsintilərinə səbəb olub ki, bu da döyüşlərin artıq yalnız cəbhə xəttində deyil, Rusiyanın dərin arxa bölgələrində də intensiv xarakter aldığını nümayiş etdirir.
Krımda yanacaq satışına tətbiq olunan məhdudiyyətlər, yanacaqdoldurma məntəqələrində yaranan uzun növbələr və turizm mövsümünün faktiki iflasa uğraması regionun sosial-iqtisadi sabitliyinə ciddi zərbə vurur”.
A.Tağıyevin fikrincə, yanacaq və sursatın Krıma çatdırılmasının çətinləşməsi Rusiya ordusunun cəbhədəki manevr imkanlarını məhdudlaşdırır:
“Ukraynanın əsas məqsədi Krımı izolyasiya etməkdir. Bu strategiya Rusiya qüvvələrinin təchizatını zəiflədir, müdafiə qabiliyyətini aşağı salır. Yanacaq böhranı yalnız hərbi texnika üçün deyil, mülki əhali üçün də ciddi problemlər yaradır. Nəticədə Rusiya həm hərbi, həm də siyasi baxımdan daha böyük təzyiqlə üz-üzə qalır.”
Politoloq hesab edir ki, Krım və Sevastopolda fövqəladə vəziyyətin elan olunması müharibənin artıq “enerji və logistika müharibəsi” mərhələsinə daxil olduğunu göstərir.
“Bu proses təkcə hərbi əməliyyatların deyil, həm də regionun sosial-iqtisadi sabitliyinin hədəfə alınması deməkdir. Ukraynanın strategiyası Krımı təcrid etmək və Rusiya üçün strateji baxımdan yükə çevirməkdir. Bu isə həm cəbhədə, həm də beynəlxalq müstəvidə gərginliyin daha da artmasına səbəb ola bilər”, – deyə Aydın Tağıyev vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
