“ABŞ-da və Avropada ermənilərin etdiyi vəhşilik bizə Qarabağ münaqişəsində yeni dönəmə qədəm qoymaq üçün imkan verir. Onların buraxdığı səhvlər, etdikləri vəhşilik dünyada yeni bir kampaniya başlamağa əsas yaradıb. Son 100 ildə Türkiyəyə, son 30 ildə isə Azərbaycana qarşı apardıqları bütün PR addımlarını boşa çıxartmaq, suya salmaq olar”.
KONKRET.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın funksioneri Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, ermənilərin etdikləri bir daha sübut edir ki, onların davranışlarının əsasını həmişə “etnik faşizm” təşkil edir, onların Qarabağda davası “millətlərin öz müqəddəratını təyin etmək” kimi bir hüquqa, prinsipə əsaslanmır: “Onların xəstə “ideoloji” bazasını türklərə və başqa millətlərə nifrət təşkil edir. Ermənilər son günlər məhz bunu biruzə verdilər, biz bundan yapışıb, hüquqi, siyasi, media üzərindən mücadilə etməliyik və bununla da ciddi üstünlük qazanmış olacağıq. Ermənilər anladılar ki, ABŞ-da və Avropada böyük qələt ediblər, dünya münaqişəyə tamam başqa səmtdən baxa bilər və bu baxış bucağında onlar uduzacaqlar, ona görə də məhz ermənilərin marağındadır ki, indi əsasən Rusiyada və digər MDB ölkələrində bizi provokasiyaya çəkib münaqişəni yenə öz PR çərçivəsinə qaytarsınlar, azərbaycanlılarla (vətəndaşlıq tanımıdır – türk, ləzgi, talış, rus, avar və s. Azərbaycan vətəndaşı olan hər kəs azərbaycanlıdır və Ermənistan dövləti hamımıza bir gözlə, düşmən kimi baxır) birgə yaşamağın mümkünsüzlüyü nağılına qayıtsınlar. Məhz bu nağıl onlara siyasi üstünlük verir, indi biz bu nağılı darmadağın edə bilərik, ona görə də üzümü xaricdə, əsasən də Rusiyada yaşayan soydaşlarımıza tuturam: Lütfən, rica edirəm bu oyuna gəlməyin, hadisələrin ermənilərin istədiyi səmtə qayıtmasına imkan verməyin, provokasiyalardan uzaq olun! “Haylar” böyük qələt ediblər, bundan istifadə edək, məsələləri hüquqi, siyasi, mediatik müstəviyə daşıyaq. Küçələrə qalsa, onlar ciddi provokasiyalar edəcəklər, bizimkilər onları döysə, çırpsa, bundan məmnun qalacaqlar – zatən mazoxist toplumdur, həmişə ağrıdan, yalançı faciələrdən, əzilmiş görkəmdən, adlarına uyğun boş yerə “hay” salmaqdan qidalanıblar. Bu onların daimi və yaxşı bildikləri artistlikdir, biz onlara bu imkanı verməməli, öz cildlərinə dönməyə kömək etməməliyik. Etdikləri vəhşiliklər dünyanın ictimai rəyində bizə tarixi üstünlük qazanmağa imkan verir! Bu fürsəti doğru dəyərləndirək, küçədə adam döymək bizə yaraşan iş deyil və bizim haqlı mücadiləmizdə əngəl yaradacaq amil ola bilər! Bizim haqlı davamız torpaqlarımızı işğaldan qurtarmaq üçündür, buna köklənməliyik, küçə savaş və provokasiyalarından uzaq olmalıyıq! Zatən çox zaman həmin provokasiyaların arxasından Rusiyanın “qulaqları” aydın görünür…
Azərbaycanda yaşayan həmvətənlərimizə müraciət etmək istəyirəm: Lütfən, burdan xaricdə yaşayanlara “qaz” verməyək, bu, ziyandır, böyük səhvdir. Birdə bəzi ağılsız çağırışlar gördüm, “Bakıda 30 min erməni yaşayır”, tipli çağırışlar edənlər, nəyəsə sövq edənlər ya ağılsızdılar, ya provokator. Onlardan da uzaq olaq, “nemətizm” zamanı çoxdan keçib, indi ağıllı siyasət, sonacan düzgün qurulmuş PR və güclü peşəkar ordu zamanıdır!”
pravda.az
