Lerikdə Zəfər Parkı memorial kompleksinin açılışı oldu –  FOTOLARbackend

Lerikdə Zəfər Parkı memorial kompleksinin açılışı oldu - FOTOLAR

Xalqımızın qəhrəmanlıq salnaməsi olan 44 günlük Vətən müharibəsində mənfur düşmənə qan udduran və torpaqlarımızı işğaldan azad edən şəhidlərimizin və qazilərimizin əziz xatirəsi hər zaman böyük ehtiramla yad edilir.

KONKRET.az xəbər verir ki, Lerik rayonu Vizəzəmin kənd ərazi vahidliyindəki Zəfər Parkı memorial kompleksi Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini əbədiləşdirmək üçün salınıb.

Təxminən yarım hektar ərazidə inşa olunan parkda Vizəzəmin ərazi vahidliyinə daxil olan 12 kənddən 13 şəhidin fotosu abidə üzərinə yerləşdirilib. Belə ki, Zəfər Parkı memorial abidə kompleksinə Birinci Qarabağ müharibəsindən 9, Vətən müharibəsindən isə 4 şəhidin fotosu həkk olunub. Eyni zamanda parkda yaşıllıqlar salınıb, bulaq tikilib, oturacaqlar quraşdırılıb və digər bütün lazımi şərait yaradılıb. Qeyd edək ki, Zəfər Parkı memorial kompleksi Lerik rayon Vizəzəmin kənd ərazi vahidliyinin vətənpərvər oğullarının şəxsi təşəbbüsü və maddi vəsaiti hesabına tikilib. Memorial kompleksin ərsəyə gəlməsində maddi-mənəvi dəstəyini əsirgəməyən, Qazaxıstanda fəaliyyət göstərən azərbaycanlı iş adamı İldırım Musayevin Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn qardaşı Əbülfət Musayevin də fotosu abidə üzərinə həkk olunub.

Parkın açılış mərasimində Lerik Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun millət vəkili, ziyalılar, şəhid ailələri və qazilər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Öncə Azərbaycanın dövlət himni səsləndirilib və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edənlər parkın ərsəyə gəlməsində əməyi olanlara təşəkkürlərini ifadə ediblər, qazilərə cansağlığı, şəhidlərə Allahdan rəhmət diləyiblər.

Tədbir rəsmi hissə bitdikdən sonra bədii hissə ilə davam etdirilib.

Müşviq Tofiqoğlu,

Sevinc Paşayeva,

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*