Avropa İttifaqı (Aİ) ölkələri üzrə xarici işlər nazirlərinin iclasında Macarıstanın davranışına etiraz edilib.
KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, buna Macarıstanın Aİ xarici siyasət qərarlarını əngəlləməsi və Ukraynaya kritik hərbi yardımda irəliləyişə mane olması səbəb olub.
Aİ-nin diplomatı deyib ki, Macarıstan artıq bir ilə yaxındır ki, məbləği 9 milyard avro olaraq qiymətləndirilən büdcədənkənar Avropa Sülh Fondu (APF) çərçivəsində Ukrayna üçün nəzərdə tutulan silahların xərclərinin qismən ödənilməsinə mane olur.
Litvanın xarici işlər naziri Qabrelius Landsberqis isə jurnalistlərə deyib ki, araşdırma zamanı müəyyən edilib ki, Aİ-nin Ukrayna ilə bağlı qətnamələrinin təxminən 41%-i Macarıstan tərəfindən bloklanıb.
Ölkəsi Aİ-yə sədrlik edən Belçikanın xarici işlər naziri Hadja Lahbib bildirib ki, bir neçə ay əvvəl bu məbləği də imzalayan bir ölkənin indi bunun qarşısını almasına icazə verə bilməzlər. “Şuranın iclası indi də Ukrayna üçün həyati vacib yardımın qarşısını alır”.
İtaliyanın və Estoniyanın xarici işlər nazirləri də Macarıstanın davranışını tənqid ediblər. Onlar bildiriblər ki, bu məsələdə irəliləmək istəyirlər.
Xatirə SADİQ,
KONKRET.az
