Bir müddət əvvəl Prezident İlham Əliyev keçirdiyi iqtisadi müşavirədə bank sektorunun iqtisadiyyatın real sektorunun artımına o qədər də kömək göstərmədiyini və son illər yenə də istehlak kreditlərinin məbləğini artırdığını bildirmişdi. Ölkə başçısı bunun bank sektorunun böhran səbəblərindən biri olduğunu, və davam edəcəyi təqdirdə müəyyən xoşagəlməz problemlərin qaçılmaz olduğunu da əlavə etmişdi. Bəs görəsən, istehlak kreditlərinin verilməsinin bank sektorunun böhranının əsas səbəblərindən biri olduğu halda ölkədəki banklar hələ də bu kreditlərin verilməsində niyə maraqlıdırlar? Onları buna vadar edən nədir?
KONKRET.az bu barədə ekspertlərin fikirlərini öyrənib.

İqtisadçı Samir Əliyev hesab edir ki, kredit növündən asılı olmayaraq, bankların bir istiqaməti də krediti verməkdir.
“Doğrudan da, bu gün ölkədəki banklar istehlak kreditinə daha böyük önəm verirlər. Müşahidərimizdə istehlak kreditlərinin payının 44 faiz olduğunu görürük. Bu o deməkdir ki, ölkə iqtisadiyyatına ayrılan hər 100 manatın 44 manatı istehlak kreditlərinə yönəlir. Bankların biznes kreditlərinə önəm verməməsinin bir neçə səbəbi var. Onlardan birincisi riskdir.İstehlak kreditlərinin riski çox aşağıdır. Bundan başqa, istehlak kreditlərini əhali vaxtında qaytarması amili olduğu halda,biznes kreditlərində bu olmur. Çünki, biznes kreditləri daha çox şirkətlərə,sahibkarlara verilir. Şirkətlərdən də pulu geri almaq çox hallarda problemlər yaşadır. Bundan başqa, hazırda sahibkarların bizneslərini genişləndirmək üçün bir o qədər də imkanı yoxdur. Banklar da kapitalını biznesə yatırmaq istəmir. Çünki biznesin uğursuz olma ehtimalı gözlənilir. Bu baxımdan istehlak kreditlərinin riski çox azdır”.
Samir Əliyev bankların istehlak kreditlərinə önəm verməsinin digər səbəblərindən də danışıb:
“İstehlak kreditlərinin faizi biznes kreditlərinin faizi ilə nisbətdə daha çoxdur. İstehlak kreditlərinə tətbiq edilən faiz nisbətini biznes kreditlərinə tətbiq etsək səmərəsiz nəticə verə bilər. Digər tərəfdən, biznes kreditləri daha çox maliyyə tələb edir. Biznes kreditləri üçün minimal kredit 10000- dən 100000, hətta milyonlarla vəsaitə qədər ola bilər. Bankın da əlində bu qədər maliyyə olmaya bilər. İstehlak kreditlərində isə minimal kredit bir neçə mindən bir neçə 10000 təşkil edə bilər. Buna görə də banklar istehlak kreditləri verməkdə maraqlıdır”.
Ekspert, həmçinin, ölkəmizdə istehlak kreditlərinin öndə olmasının bir səbəbini də məişət texnikalarında yerli istehsalın olmamasıyla əlaqələndirdi:
Bizim məişət texnikasında olan yerli biznesimiz çox aşağı səviyyədədir Başqa sözlə, yerli istehsalımız olmadığından istehlak krediti xaricə yönəlir. Bununla da bir növ onların biznesini inkişaf etdiririk”.
Samir Əliyev biznes kreditlərinin inkişafı üçün hökumətin inzibati tədbirləri ilə yanaşı ölkədəki iqtisadi mühitin və investisiyanın yaxşılaşdırılmasının vacibliyini bildirib.

Hüquqşünas Əkrəm Həsənov isə məsələ ilə əlaqədar olaraq bunları deyib:
“Ölkədə yeni müəssisələrin, iş yerlərinin açılmaması son nəticədə iqtisadi artımın azalması ilə nəticələnir. Bu da bankların biznes üçün kreditlərin verməməsinə gətirib çıxarır. Hazırda banklar üçün bu məsələsində ən rahat yol istehlakçılara kreditlər verməsidir. Çünki bank istehlakçının aylıq maaşlı işçi olduğunu bilir. Krediti götürən istehlakçı isə bank qaydalarına uyğun olaraq hər ay vaxtlı-vaxtında kreditini ödəyəcək. Yəni burada müştəri ilə bank ayaqlaşır. Amma hər hansı şəbəkədə belə deyil. Nəzərə alsaq ki, şəbəkənin də sahibi sahibkarlardır. Bu halda sahibkarların götürəcəyi məbləğ milyonları əhatə edə bilər. Əvvəllər sahibkarların gəlirliyi çox idi. Ona görə də yüksək faizlə kredit götürə bilirdilər. İndi isə bu barədə fərqlilik var. Sahibkar düşünür ki, əgər milyon manat kredit götürsəm gəlirliyim olmasa, bu halda, pulu banka necə ödəyəcəm?. Ona görə də banklar adi vətəndaşlara kredit verməkdə daha maraqlıdırlar. Nəzərə alsaq ki, banklar kredit üçün vətəndaşlara öz pulunu yox, əmanətçi və ya digər şəxslərdən kredit şəklində cəlb edərək vəsait toplayıb pul verir, buna görə də bəzi bankları da Mərkəzi Bank kreditlə təmin etməlidir.
Digər tərəfdən istehlakçı kreditlərini qaytarmaq daha asan olduğundan banklar hədəflərini daha çox bu sahəyə yönəldir. Hazırda ölkədə fəaliyyət göstərən elə banklar var ki, sadə vətəndaş krediti qaytara bilməsə müəyyən vasitələrlə icra məmurlarıyla, kollektorlarda işləyən qoluzorlu qoçularla vətəndaşdan həmin pulu geri ala bilirlər. Amma sahibkarla məsələyə gəlincə bu belə deyil. Belə demək mümkünsə, banklar sahibkarlardan çəkinir. Çünki məhkəmə proseslərində qalib gələn tərəf sahibkarlardır”.
Əkrəm Həsənov bu məsələnin həllində Maliyyə Bazarlarına Nəzarət Palatasının atdığı addımdı uğursuz dəyərləndirib:
“Ümumiyyətlə, hər bir bankın bazasında minimum 50 milyon manat kapitalı olmalıdır. Prezidentin də keçirdiyi müşavirədən sonra Maliyyə Bazarlarına Nəzarət Palatası kapitalın hesablanması və kapital adekvatlığı qaydalarına müəyyən dəyişiklik edib. Bu dəyişiklikdə bankın verdiyi kreditlərlə kapitala olan nisbətin müəyyən səviyyəsini keçməməlidir. Həmin kreditlər də hesablanarkən risk dərəcəsinə vurulur. Hansı kredit daha çox risklidirsə, onun əmsalı da bir o qədər çox olur. İstehlak kreditlərinin risk dərəcəsini artırmaq və biznes kreditlərində isə bu əmsalı azaltmaqla hər hansı nailiyyətə nail olmaq mümkün deyil. Biznes kreditlərinin risklərinin daha çox olması hamıya məlumdur. Bu gün Azərbaycanda istehlak kreditlərinin böyük hissəsi daha çox texniki məişət əşyalarıdır. Bunlar da kredit kimi yox, nisyə alqı satqı kimi rəsmiləşdirilir. Ticarət şəbəkəsi də həmin pulu bankdan kredit kimi götürür. Bu dəyişikliklə vəziyyət daha da acınacaqlı olacaq. Çünki banklar biznes kreditlərini ticarət şəbəkəsinə verəcək. Ticarət şəbəkəsi də məhsulları istehlakçılara nisyə verəcək. Mahiyyət etibarilə də bu istehlak kreditləri olacaq. Gələcəkdə istehlakçılar ticarət şəbəkəsinin pulunu verə bilməsə, nəticə olaraq, həmin şəbəkə bankın pulunu qaytara bilməyəcək.
İstehlak kreditlərini məişət texnikası sahəsinə deyil, digər sahələr kənd təsərrüfatı digər xidmət sahələrinə verilməsi nəzərdə tutulur.
Maliyyə Bazarlarına Nəzarət Palatası banklara ticarət şəbəkələrinə kredit verilməsinə məhdudiyyət qoymalı və həmin şəbəkələrin də istənilən şəxsə nisyə mal satmağı barədə qanuna dəyişiklik etməlidir”.
İmamət İsmayılova
