Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri Rusiyanın “kölgə donanması”na məxsus neft tankerlərinə qarşı yeni genişmiqyaslı zərbələr endirildiyini bəyan edib.
KONKRET.az xəbər verir ki, qurumun məlumatına görə, iyulun 8-nə keçən gecə doqquz neft tankeri vurulub. İddialarını təsdiqləmək üçün Pilotsuz Sistemlər Qüvvələri zərbələrin endirildiyi anları əks etdirən videogörüntülər yayıb.
Bildirilib ki, son 72 saat ərzində ümumilikdə 21 gəmi hədəfə alınıb. Onların 19-u neft tankeri, biri quru yük gəmisi, digəri isə Kerçdə yerləşən bərə olub.
Xatırladaq ki, Ukrayna hərbçiləri daha əvvəl, iyulun 7-nə keçən gecə beynəlxalq sanksiyalar altında olan və Rusiyanın “kölgə donanması”na aid səkkiz yanacaq tankerinə də zərbələr endirdiklərini açıqlayıblar.
Qeyd edək ki, bu məlumatlar Ukrayna tərəfinin açıqlamalarına əsaslanır və müstəqil mənbələr tərəfindən hələlik tam təsdiqlənməyib.
Müşviq Tofiqoğlu
KONKRET.az
