Bakı Apellyasiya Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Vüsal Nəcəfovun (adı, soyadı şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İş materiallarına görə, hadisə bu il saat 01:20 radələrində paytaxtın Xəzər rayonu ərazisində yerləşən marketlərdən birində baş verib.
Belə ki, Vüsal Nəcəfov marketin ticarət salonuna daxil olub. Bir müddət ətrafı müşahidə etdikdən sonra yaxınlıqda heç kimin olmadığını, market əməkdaşlarının isə onun hərəkətlərinə xüsusi diqqət yetirmədiyini görüb.
Bundan sonra marketin saxlanc yeri olan anbar otağına qanunsuz daxil olub. Orada yerləşən dəmir materialdan hazırlanmış şkaf-seyfin qapılarını zor tətbiq etməklə aralayıb və seyfin içərisində olan müxtəlif markalı siqaretləri götürüb.
Təqsirləndirilən şəxs müxtəlif markalarda ümumilikdə yüzlərlə qutu siqareti əynindəki hərbi rəngli gödəkçəsinin içərisinə və ciblərinə yığıb. Götürülmüş siqaretlərin zərərçəkmiş MMC-yə vurduğu ümumi maddi zərər 1 112,51 manat təşkil edib.
İttihamda qeyd olunur ki, Vüsal Nəcəfov siqaretləri götürdükdən sonra marketdən çıxaraq hadisə yerindən uzaqlaşmaq istəyib. Lakin marketdə satıcı işləyən D.D. (adı, soyadı şərtidir) onun hərəkətlərini görərək qarşısını kəsib və anbardakı şkaf-seyfdən götürdüyü siqaretləri geri qaytarmasını tələb edib. Təqsirləndirilən şəxsin siqaretləri qaytarmaq istəmədiyini görən market əməkdaşı onu saxlayıb. Bu zaman Vüsal Nəcəfov gödəkçəsinin içərisində gizlətdiyi, dəyəri müəyyən edilməyən eyni növ siqaretlərin bir hissəsini küçəyə ataraq onlardan qurtulub.
Bundan sonra isə qalan siqaretləri özü ilə apararaq hadisə yerinin yaxınlığında yerləşən “Kia Sorento” markalı avtomobilə minib və sükan arxasına keçərək oradan uzaqlaşıb.
İttihama görə, təqsirləndirilən şəxs marketdə törətdiyi soyğunçuluqdan sonra hadisə yerindən qaçmaq məqsədilə başqa epizod üzrə avtomobili qanunsuz ələ keçirib. O, zərərçəkmiş T.T.-yə (adı, soyadı şərtidir) məxsus “Kia Sorento” markalı avtomobili marketin qarşısında mühərriki söndürmədən saxlayıb və özü maşından düşərək obyektə daxil olub.
Vüsal Nəcəfov yaranmış şəraitdən istifadə edərək avtomobilə yaxınlaşıb, sürücü yerində əyləşib və sahibinin razılığı olmadan maşını idarə etməyə başlayıb.
O, “Kia Sorento”nu Xəzər rayonu, Qala qəsəbəsi istiqamətində, Mərdəkan şosesinə sürüb. Daha sonra Mərdəkan keçidinin yaxınlığında avtomobili yolun kənarında saxlayaraq maşından düşüb və hadisə yerindən uzaqlaşıb.
Beləliklə, ittihama görə, təqsirləndirilən şəxs avtomobili talamaq məqsədi olmadan, sahibinin razılığı olmadan qanunsuz ələ keçirərək qaçırıb və zərərçəkmiş şəxsə maddi ziyan vurub.
Hadisədən sonra Vüsal Nəcəfov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs törətdiyi əməllərə görə 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Hökmdən narazı qalan Vüsal Nəcəfov apellyasiya şikayəti verib.
