May ayının havası ilə bağlı XƏBƏRDARLIQ: Dolu və leysan olacaq…backend

May ayının havası ilə bağlı XƏBƏRDARLIQ: Dolu və leysan olacaq...

Azərbaycanda may ayı adətən yazın ən komfortlu dövrlərindən biri hesab olunur. Mülayim temperatur, arabir yağan yaz yağışları və sabit hava şəraiti həm kənd təsərrüfatı, həm də gündəlik həyat üçün əlverişli mühit yaradır. Lakin bu il mayın ilk ongünlüyü ölkə ərazisində daha çox sərin, küləkli və yağıntılı hava ilə yadda qalır. Bir sıra bölgələrdə temperatur iqlim normasından aşağı düşüb, bəzi ərazilərdə isə intensiv yağışlar və güclü küləklər müşahidə olunub. İlk baxışdan yaz fəslinin gecikdiyi təəssüratı yaransa da, meteoroloqlar bu vəziyyətin uzunmüddətli olmayacağını bildirirlər.

Bəs bu hava dəyişkənliyi nə qədər davam edəcək?

Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, Azərbaycanda may ayı adətən mülayim keçsə də, bu ilin ilk ongünlüyü sərin və yağıntılı müşahidə olunur.

“Lakin meteoroloji proqnozlar və son illərin iqlim tendensiyaları göstərir ki, bu “aldadıcı sərinlik” tezliklə kəskin istilərlə əvəz olunacaq. Aprel ayının sonundan etibarən bölgəyə daxil olan rütubətli və soyuq hava kütlələri temperaturu iqlim normasından bir neçə dərəcə aşağı salsa da, bu vəziyyət müvəqqətidir”.

C.Hüseynov vurğulayır ki, sinoptik təhlillərə əsasən, mayın ikinci ongünlüyündən başlayaraq atmosfer cərəyanlarının istiqamətini dəyişəcəyi ehtimal edilir.

“Cənubdan gələn tropik hava kütlələrinin təsiri ilə temperaturun qəfil 10-15 dərəcə yüksəlməsi gözlənilir. Bu cür kəskin keçid eyni zamanda atmosferdə qeyri-sabitlik yaradaraq güclü külək, dolu və qısamüddətli leysan yağışların ehtimalını artırır.
Torpağın sürətlə qızması və buxarlanmanın artması bitkilərin suvarma ehtiyacını kəskin şəkildə artırır. Havanın temperaturunun qəfil yüksəlməsi isə meteohəssas insanlar və ürək-damar xəstəliklərindən əziyyət çəkənlər üçün əlavə fiziki gərginlik yarada bilər”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*