Hələ keçən ilin əvvəlindən, Hövsan camaatının az qala sevincdən ürəyi yerindən çıxacaqdı…
KONKRET.az xəbər verir ki, nəhayət, illərlə gözlədikləri bir addım atılmış, Hövsanın 13-cü sahil küçəsində yerləşən “yetim parkı” nda təmir işlərinə start verilmişdi.
Mədəniyyət bir ölkəni, bir cəmiyyəti qoruyan ən qüdrətli döyüşçüdür deyiblər, elə bu şüarı əldə bayraq edərək təmirə ilk növbədə parkın ətəyindəki “Hövsan mədəniyyət evi”ndən başlamışdılar.
İlk öncə binanın köhnəlmiş fasadı söküldü, divarlarına suvaq vuruldu, çürük pəncərələr yerindən çıxarıldı, əvəzinə təptəzə plastik pəncərələr qoyuldu, yaxınlıqda böyük su çəni inşa edildi.
Az müddət keçməmiş, qəfil bütün işlər dayandırıldı, səbəbi isə heç kimə məlum olmadı.
İndi fotolarını paylaşdığım bu mədəniyyət evi sanki düşmən hücumuna məruz qalmış vəziyyətdədir.
Heç cür anlamaq olmur, niyə yenilənmiş pəncərələri sındırılır, divarlarına təhqir dolu ifadələr yazılır, parkı səfil vəziyyətə salınıb; ağacların dibinə zibillər tökülür, skamyaları yandırılır, yelləncəklər dağıdılır..?!
Əlavə olaraq, yeni inşa edilən su çəninin ətrafı niyə hasara alınmır?
Su çəninin dörd tərəfi də boşluqdur, bir uşaq bu boşluğa yıxılsa, ciddi xəsarətlər ala bilər. “Mədəniyyət evi”ni elektrik enerjisiylə təmin edən yüksək gərginlikli xətlər az qala diz boyu hündürlükdə çəkilib, elektrik enerjisinin paylandığı “qutu” düz parkın ortasındadır, eynilə o da hasara alınmayıb və parkı işıqlandıran işıq dirəklərinə gedən xətlərə də enerji bu qutudan ötürülür.
Bütün bu baş verənlərin yanında, ən maraqlısı da odur ki, Hövsanın bu “yetim park”ı yerləşdiyi əraziyə görə, qorunmağa, sahib çıxılmağa ən uyğun yerdir, 250 metr məsafə yaxınlığında məscid, ən önəmlisi də 100 metr yaxınlığında Polis idarəsi var.
Xülasə, ovuc içi boyda bir qəsəbənin, Hövsan qəsəbəsinin nə məscidinin gücü çatır beş addımlığında yerləşən bu parka imdad əli uzatmağa, nə də parkın iki addımlığında yerləşən polis idarəsi qoruya bilir bu xarabaya çevirilmiş ərazini…
Bir başa aidiyyəti olan idarələrə, ümumiyyətlə, maraqlanmırlar, dəfələrlə şikayətlər, müraciətlər olsa da heç bir faydası olmayıb.
Vəli Efe
