“Sabah”ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının əsas mərhələsində fərqlənən futbolçular sırasında yer alıb.
KONKRET.az xəbər verir ki, təcrübəli qolkiper qurtarış sayına görə turnirin bütün həmkarlarını qabaqlayaraq ilk pilləyə yüksəlib.
33 yaşlı qapıçı beş tur ərzində rəqib futbolçuların 31 zərbəsinin qarşısını almağa nail olub. Bu göstərici ilə “Sabah”ın kapitanı Çempionlar Liqasının əsas mərhələsinin ən çox seyv edən qapıçısı olub.
Qeyd edək ki, Bakı təmsilçisi son turda “Barselona” ilə üz-üzə gəlib. Qarşılaşma Kataloniya klubunun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Sabah” bundan əvvəl “Mançester Yunayted”ə 0:4, Dortmund “Borussiya”sına və “Vikinq”ə 1:4 hesabı ilə məğlub olub. Komanda yeganə qələbəsini Çexiyanın “Slaviya” klubu üzərində 2:0 hesabı ilə qazanıb.
Azərbaycan təmsilçisi növbəti sınağına dekabrın 8-də çıxacaq. “Sabah” səfərdə İspaniyanın “Vilyarreal” klubu ilə qarşılaşacaq.
