Torpaq qiymətləri yenidən bahalaşacaq? Ekspertdən AÇIQLAMAbackend

Torpaq qiymətləri yenidən bahalaşacaq? Ekspertdən AÇIQLAMA

Azərbaycanda son dövrlər torpaq sahələrinə maraq artıb. Xüsusilə Bakıətrafı qəsəbələrdə mənzil və fərdi yaşayış evlərinin qiymətlərinin yüksəlməsi vətəndaşları hazır ev almaq əvəzinə torpaq sahəsi əldə edərək mərhələli şəkildə ev tikməyə yönəldir. Bu tendensiya isə tikintiyə yararlı və çıxarışlı torpaqların qiymətinə də təsir göstərir.

Bəs hazırda Azərbaycanda torpaq sahələrinə tələbat hansı səviyyədədir? Qiymət artımı davam edəcəkmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən əmlak eksperti Anar Nəsirov bildirib ki, əvvəlki illərlə müqayisədə 2026-cı ildən etibarən torpaq sahələrinə maraq nəzərəçarpacaq dərəcədə artıb.

Kirayə mənzilləri kimlər və necə bahalaşdırır?

“Bakıətrafı qəsəbələrdə evlərin qiymətinin kəskin yüksəlməsi alıcıların seçimlərinə təsir edib. Hazır ev almağa maddi imkanı çatmayan vətəndaşlar torpaq əldə edərək öz büdcələrinə uyğun şəkildə tikinti aparmağa üstünlük verirlər.

Tələbat bütün torpaq sahələrinə deyil, əsasən fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulan, çıxarışı olan və yaşayış məntəqələri kateqoriyasına aid torpaqlara yönəlib. Belə torpaqların sayının məhdud olması isə qiymət artımını sürətləndirən əsas amillərdəndir”.

Anar Nəsirov vurğulayıb ki, torpaq almaq və mərhələli şəkildə ev tikmək vətəndaşlara maliyyə yükünü azaltmaq imkanı verir:

“Hazır ev almağa imkanı olmayan vətəndaşlar torpaq sahəsi əldə etdikdən sonra layihə hazırlatdırır, müvafiq qaydada təsdiq etdirərək tikintiyə başlayırlar. Maddi imkanlarına uyğun olaraq əvvəlcə evin əsas konstruksiyasını, daha sonra isə otaqlarını və təmir işlərini mərhələli şəkildə həyata keçirirlər. Beləliklə, böyük məbləğdə kredit götürmədən öz evlərini inşa edə bilirlər”.

Ekspertin fikrincə, torpaq bazarında qiymət artımının digər mühüm səbəbi sənədləşdirilmiş və tikintiyə yararlı sahələrin azlığıdır. O, bildirib ki, çıxarışın olması heç də bütün torpaqlarda fərdi yaşayış evi tikintisinə icazə verilməsi demək deyil.

Onun sözlərinə görə, torpağın çıxarışında təyinatı mütləq yoxlanılmalıdır. Fərdi yaşayış evi tikmək üçün torpaq yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmalıdır. Kənd təsərrüfatı, sənaye və digər təyinatlı torpaqlarda isə həmin kateqoriyanın tələblərinə uyğun olmayan tikintilərin aparılması hüquqi problemlər yarada bilər.

Anar Nəsirov çıxarışı olmayan torpaqlarda ev tikməyin də ciddi risklər daşıdığını diqqətə çatdırıb. Bildirib ki, belə ərazilərdə tikinti aparan vətəndaşlar həm maddi itkilərlə üzləşə, həm inzibati məsuliyyətə cəlb oluna, həm də tikilinin sökülməsi təhlükəsi ilə qarşılaşa bilərlər.

Ekspert vətəndaşlara torpaq almadan əvvəl onun hüquqi statusunu, təyinatını və fərdi yaşayış evinin tikintisi üçün yararlı olub-olmadığını dəqiqləşdirməyi tövsiyə edib.

O, gələcəkdə torpaq bazarında qiymətlərin daha da yüksələcəyini istisna etməyib. Qeyd edib ki, sənədləşdirilmiş və tikintiyə yararlı torpaq sahələrinin sayı məhdud olaraq qaldığı, tələbat isə artdığı təqdirdə bahalaşma davam edəcək.

Anar Nəsirov hesab edir ki, sənədsiz torpaq sahələrinin və həmin ərazilərdəki tikililərin qanunvericiliyə uyğun şəkildə sənədləşdirilməsi istiqamətində addımların atılması həm vətəndaşların, həm də dövlətin maraqlarına uyğundur.

Ekspertin sözlərinə görə, bu əmlakların çıxarışla təmin edilməsi alqı-satqı əməliyyatlarının rəsmiləşdirilməsinə, dövlət rüsumları və vergi daxilolmalarının artmasına, həmçinin torpaq və evlərin banklarda girov kimi istifadə imkanlarının genişlənməsinə şərait yarada bilər.

O, əlavə edib ki, sənədsiz torpaq sahələrinin və tikililərin rəsmiləşdirilməsi həm vətəndaşların mülkiyyət hüquqlarının qorunmasına, həm də dövlət büdcəsinə hər il milyonlarla manat əlavə vəsaitin daxil olmasına mühüm töhfə verə bilər.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*