“Valideynlərə, xüsusilə atalara tövsiyələrim var, bunları nəzərə alın ki, həyat sizi yandırmasın. Son 2 ildir, qızımın tərbiyəsinə ciddi qarışmırdım, – reklam çəkib pul qazanırdı, hətta mənə “ata blogerlər vəkillərdən çox qazanır” deyirdi. Bir tərəfdən müstəqil, digər tərəfdən də doğru bir həyat yaşamasını istəyirdim”.
KONKRET.az xəbər verir ki, bunu tanınmış vəkil, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev motosiklet qəzasında həlak olan qızı ilə bağlı sosial media hesabında etdiyi paylaşımında qeyd edib.
“Onun həkim olmasını istəyirdim, tibbə hazırlığa getməkdə də bütün xərclərini qarşılayacağımı demişdim. Fikrini dəyişə bilmirdim, o da incəsənətdə oxumaqda israrlı idi. Övladlarınız üzərində ciddi nəzarəti əldən verməyin. Sizə “pis ata“, lap “abyuser” desinlər; səbirlə uşaqlarınızı 23-25 yaşına qədər yönləndirməyə, nəzarət etməyə davam edin. Siz onlara nəzarət etməsəniz – “öz həyatım var, işlərim çoxdur” deyə – bir gün peşmanlığınız və ağrılarınıza, mənəvi əzablarınıza nəzarət edə bilməyəcəksiniz. Uşağın hər ürəyi istədiyini, istədiyi həyatı deyil, sizin onun üçün seçdiyi həyatı verin. Sevgi, qayğı və nəzarətdən ibarət bir tərbiyə vermək hər bir valideynin funksiya və borcudur. Həyatda ən böyük investisiya uşaqlarınızdır, o məsələdə udsanız, digər heç bir şeydə udmasanız belə, sizə qəm yoxdur. Övlad məsələsində uduzan valideynin isə əslində heç bir qazancı, təsəllisi yoxdur”, – deyə qeyd edib.
