Dünyamız elmi və texnoloji tərəqqinin böyük nailiyyətlərinə baxmayaraq, nifrət, təəssübkeşlik, qorxu ritorikasının genişlənməsinin, dindən sui-istifadə cəhdlərinin və onun münaqişələri, parçalanmaları, məzhəb və təriqət qarşıdurmalarını qızışdırmaq üçün bir vasitəyə çevrilməsinin şahidi olur. Bəlkə də dövrümüzün paradokslarından biri budur ki, biz ünsiyyət qurmaq imkanlarımızı daha da artırmışıq, lakin bəzən həqiqi kommunikasiya qabiliyyətimiz azalıb, daha çox məlumata sahibik, lakin bu, mütləq şəkildə daha çox hikmətə sahib olduğumuz anlamına gəlmir.
KONKRET.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində “Gülüstan” sarayında keçirilən “İslam dünyasının mədəni irsində Seyid Yəhya Bakuvi zirvəsi: mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda I Beynəlxalq konfransın plenar iclasında çıxışı zamanı deyib.
“Şeyx Yəhya Bakuvi kimi böyük alimlərin təmsil etdiyi mötədillik yalnız iki tərəf arasında ortada dayanmaq deyil, dini və həyatı anlamaq metodudur. Həmin metod elm və hikmətə əsaslanır, ifratçılığı və təəssübkeşliyi rədd edir və öz kimliyini və xüsusiyyətlərini itirmədən başqalarına açıq olmağı nəzərdə tutur.
Bu gün dini nitqimizdə, xüsusilə gənclərə müraciətimizdə bu insani ölçünü yenidən bərpa etməyə ehtiyacımız var. İrsimizi yeni nəsillərə onların müasir dilləri ilə təqdim etməli, onun müasir insana müraciət edə biləcək canlı mənalarını üzə çıxarmalıyıq.
Azərbaycan Prezidenti İlham Əliyevin islam alimlərinin irsinin yaşadılmasına göstərdiyi böyük diqqət məni heyran etdi. Şübhəsiz ki, bu, müdriklik və uzaqgörənlikdən xəbər verir. Çünki cəmiyyətimizin inkişafını təmin etmək üçün irsimizdən və alimlərimizdən uzaqlaşa bilmərik”, – deyə Baş katib əlavə edib.
