“Məhkəmə proseslərinin 80-90 faizi ədalətə söykənmir” – AÇIQLAMAbackend

"Məhkəmə proseslərinin 80-90 faizi ədalətə söykənmir" - AÇIQLAMA

Azərbaycan Respublikası Konstitusiyasına əsasən, məhkəmələrin qarşısında duran əsas vəzifə həqiqətin müəyyən olunmasını təmin etməkdir.

Bəs, görəsən, məhkəmələr həqiqəti nə qədər təmin edə bilirlər? Ümumiyyətlə, bu sahədə hansı problemlər mövcuddur və çıxış yolları nədir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, məhkəmə proseslərinin ədalətli şəkildə keçirilməsi üçün ciddi addımlar atılmalıdır:

“Azərbaycanda təkcə məhkəmə sistemində deyil, bir çox sahələrdə boşluq var. Hakimiyyətin üç müstəqil qolundan biri də məhkəmələrdir. Məhkəmələrin azadlığı, müstəqilliyi, obyektivliyi çox önəmlidir. Lakin təəsüflər olsun ki, Azərbaycanda məhkəmə proseslərinin 80-90 faizi heç bir halda qanunamüvafiq olaraq ədalətə söykənmir. Məhkəmə proseslərinin ədalətli şəkildə keçirilməsi üçün ciddi addımlar atmalıyıq. Çünki bu gün Azərbaycan vətəndaşının məhkəməyə etibarı çox aşağıdır. Məhkəmələrdə siyasi konyuktur nəzərə alınır. Sadə vətəndaşların məhkəməyə müraciətinə baxılması uzun müddət çəkə bilir. Bu mənada düşünürəm ki, islahatların aparılmalı olduğu ən vacib sahələrdən biri də məhkəmə sistemidir”.

T.Abbaslı əlavə edib ki, sadə vətəndaşlar üçün məhkəmə qərarının icrası bərbad vəziyyətdədir:

“Yaxın zamanlarda bu istiqamətdə addımların atılacağına ümid edirəm. Ən azından hakimiyyətin məhkəmə qolu Konstitusiyada nəzərdə tutulduğu kimi müstəqil və bitərəf olmalıdır. Məhkəmə icraçılarından narazılıq etmək, bir növ “Səndən sənə şikayətim var” məsəlinə bənzəyir. Çünki qərarlar kimi onun icrası da məhkəmə tərəflərinə görə dəyişir. Məsələn, icra tərəfində adi vətəndaş durursa, o qərarın icrası illərlə vaxt ala bilir. Lakin icra tərəfdə dayanan şəxs holdinq rəhbəri və siyasi dairədə nüfuzlu şəxsdirsə, bu zaman məhkəmə icraçıları operativ qaydada işləyir, tələb edir, əmlaka əl qoyurlar. Sadə vətəndaşlar üçün məhkəmə qərarının icrası isə bərbad vəziyyətdədir. Nəticədə onların fəaliyyətsizliyindən bezən vətəndaş yenidən məhkəməyə şikayət etməli olur. Düşünürəm ki, sözügedən sahədə kompleks tədbirlərin icrasına ehtiyac var. Məhkəmə qərarlarının verilməsi, hakimlər, vəkillərin fəaliyyəti ilə bağlı əsaslı islahatlara ehtiyac duyulur”.

Şəbnəm Mehdizadə,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*