Məhkəmə “TikTok”da saxta qadın profili açıb kişiləri şantaj edən şəxslə bağlı qərar çıxardıbackend

Məhkəmə “TikTok”da saxta qadın profili açıb kişiləri şantaj edən şəxslə bağlı qərar çıxardı

Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə və internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmədə təqsirləndirilən Aslan Babayevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Aslan Babayev “TikTok” sosial şəbəkəsində şəxsiyyətini gizlətmək məqsədilə “Aylin Qurbanova” adlı saxta profil yaradaraq özünü qadın kimi təqdim edib. O, həmin profil vasitəsilə tanış olduğu zərərçəkmiş B.B.-nin (adı, soyadı şərtidir) fotoşəkillərini əldə etdikdən sonra şəkillərdən birinin üzərinə təhqiramiz məzmunlu “evli qadınlara yataq təklif edir şərəfsiz” ifadəsini yazıb.

Bundan sonra, o, 2025-ci ildə Saatlı şəhəri ərazisində yerləşən evində olarkən həmin saxta profildən istifadə etməklə hazırladığı görüntünü “TikTok”da paylaşaraq zərərçəkmiş şəxsi təhqir edib.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs bununla kifayətlənməyərək zərərçəkmiş şəxslərin barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək onlardan pul tələb edib.

Belə ki, o, Oğuz rayonunda yaşayan digər zərərçəkmiş H.H (adı, soyadı şərtidir) ilə də sosial şəbəkə vasitəsilə tanış olub, onun fotoşəkillərini əldə etdikdən sonra həmin şəkillərin üzərinə nalayiq ifadələr yazaraq internetdə yayacağını bildirib və görüntülərin paylaşılmaması müqabilində pul tələb edib.

Belə ki, Aslan Babayev həmin şəxsdən ümumilikdə 500 manat məbləğində pul vəsaitini müxtəlif bank kartlarına köçürtdürüb. Əldə etdiyi vəsaiti isə qanunsuz mərc oyunlarında istifadə edib.

Bundan başqa, o, “Müəllimə” adlı digər saxta profil yaradaraq daha bir şəxslə əlaqə saxlayıb, onun da fotoşəkillərini yaymaqla hədələyib və görüntülərin paylaşılmaması müqabilində pul tələb edib. Zərərçəkmiş şəxs tərəfindən ümumilikdə 200 manat pul vəsaiti təqsirləndirilən şəxsin göstərdiyi bank hesablarına göndərilib.

Məhkəmə iclasında dindirilən Aslan Babayev Cinayət Məcəlləsinin 148-1 və 182.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*