Artıq oktyabr ayının olmasına baxmayaraq kirayə mənzil qiymətlərində enmə müşahidə edilmir. Mütəxəssislər kirayə mənzil bazarında qiymətlərin daha da artacağını ehtimal edirlər.
KONKRET.az xəbər verir ki, pravda.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Anar Nəsirov bildirib ki, 2018-ci ilin sonu 2019-cu ilin əvvəlindən başlayaraq Bakı şəhərinin Baş Planına əsasən istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan binalar sökülərək yerində müasir tələblərə cavab verən binalar, yaşayış kompleksləri, parklar salınır və digər tikinti işləri gedir. Onun sözlərinə görə, burada dəmir yollarının, tramvay xətlərinin salınması və ümumilikdə şəhərin abadlıq işləri aparılır:
“Pilot layihə çərçivəsində istismar müddəti başa çatmış binalar sökülərək sakinləri həmin ərazidə tikinti başa çatana qədər kirayə mənzillə təmin edilir. Həmin ildən başlayaraq tikintilərin miqyası artdıqca kirayə mənzillərin qiyməti müvafiq dərəcədə artıb. Bu artım nəticəsində hər keçən il tələb təklifi üstələyib. Nəzərə alsaq ki, bir binanın tikilməsi 2-3 il zaman alır, onda deməyə əsas verir ki, kirayə evlə təmin edilmiş vətəndaşlar həmin müddəti eyni evdə yaşayır və mənzil bazara qayıtmır. Hər il keçdikcə kirayə mənzilə tələbat daha çox artıb. Hazırda da tikinti-söküntü işləri geniş miqyas alıb. Şəhərin bir neçə rayonunda layihə çərçivəsində evlər sökülür, yerinə müasir tələblərə cavab verən binalar tikilir. Dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da əmlak bazarı tələb, təklif prinsipi üzrə işləyir, davam edir. Belə ki, əmlaka tələbat artdığı vaxtlar qiymətlər qalxır, əksinə təklifin artdığı zaman isə qiymətlər enir. Uzun zamandır, tələb təklifi üstələdiyi üçün qiymətlər qalxır. Hazırda şəhərin mərkəz hissələrində yeni binalarda bir otaqlı evlərin kirayə qiymətləri 900 manatdan başlayır. Köhnə binalarda isə evlər yerinə görə dəyişir. Ancaq qiymətlər 450-500 manatdan başlayır. Yeni dərs ilinin də başlanması ilə əlaqədar olaraq rayon və bölgələrə istirahət üçün getmiş tələbələr kirayə mənzil bazarına üz tutduqları üçün həmin dövrlərdə də kirayə mənzillərinə tələb daha çox artır. Bu da təbii ki, qiymətlərə öz təsirini göstərir”.
Ekspertin sözlərinə görə, vəziyyət belə olsa belə bir çox əmlak sahibləri də süni qiymət artımları yaradırlar: “Əmlaklarını real bazar qiymətlərindən daha yüksək qiymətlərlə təklif edərək kirayə mənzil bazarına çıxarırlar. Ev tapa bilməyən sakinlər də çox hallarda məcbur qalaraq bu evi götürürlər. Kirayə bazarına çıxarılan evlərin sayı az, axtaranların sayı isə daha çox olur. Bu qiyməti təklif edənlər yaxşı bilir ki, mənzil çatışmazlığı var, yaşanılır və çox hallarda vətəndaşlar bu evi götürməyə məcbur qalırlar. Əslində hər mənzilin öz qiyməti olmalıdır. Bu konkret olaraq eyni ola bilməz. Qiymət evin təmiri, əşyasından, mərtəbəsindən asılı olaraq dəyişməlidir. Ancaq vətəndaşlar buna diqqət etmir. Bazara ən yüksək qiymətlə çıxarılır ki, bu da şişirdilmiş hesab edilir. Konkret olaraq qiymətlərin nə zamana kimi artacağını demək çətindir. Nə zamana kimi söküntülər, quruculuq işləri davam edəcək, bu proseslərin davam etdiyi müddətcə də kirayə mənzil qiymətlərinin də aşağı düşməsini gözləmək mümkün deyil. Hər başlayan söküntü 70-80 ailənin kirayə mənzillə təmin edilməsi deməkdir”.
