Məktəblilərin hər gün təhlükəsiz və rahat şəkildə təhsil müəssisələrinə çatdırılması uzun illərdir müzakirə olunan məsələlərdən biridir. Xüsusilə iri şəhərlərdə səhər və axşam saatlarında yaranan nəqliyyat sıxlığı, məktəblərin ətrafında müşahidə olunan tıxaclar və yol təhlükəsizliyi ilə bağlı risklər məktəb avtobusları layihəsini yenidən gündəmə gətirib. Beynəlxalq təcrübədə uğurla tətbiq edilən bu sistemin Azərbaycanda da həyata keçirilməsi həm valideynlərin yükünü azalda, həm də şəhər nəqliyyatına müsbət təsir göstərəcək.
Bəs məktəb avtobuslarının sentyabr ayından fəaliyyətə başlaması nə dərəcədə real görünür?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib ki, məktəb avtobusları layihəsi bir neçə il əvvəl qəbul olunub və hazırda bu istiqamətdə operativ işlər aparılır.

“Bu layihə beynəlxalq təcrübədə də öz əksini tapıb. Məktəblilərin daha rahat və təhlükəsiz şəkildə təhsil müəssisələrinə çatdırılmasına xidmət edəcək. Eyni zamanda, şəhərin nəqliyyat infrastrukturuna və tıxac probleminin azaldılmasına müsbət təsir göstərəcək”, – deyə ekspert qeyd edib.
R.Nurəliyev vurğulayıb ki, layihənin həyata keçirilməsi şagirdlərin yol hərəkəti zamanı üzləşə biləcəyi risklərin azalmasına da kömək edəcək.
“Şagirdlərin məktəbə rahat şəkildə daşınmasının təmin olunması, həmçinin piyada keçidlərində və digər nəqliyyatla bağlı təhlükəli halların qarşısının alınmasına təsir göstərəcək. Hesab edirəm ki, layihə sentyabr ayında icra olunacaq. Bu barədə artıq müvafiq məlumatlar da verilib”, – ekspert əlavə edib.
Təhsil eksperti məktəb avtobuslarının idarə edilməsinə peşəkar və təcrübəli sürücülərin cəlb olunmasının vacibliyini də qeyd edib.
“Əgər söhbət məktəblilərin daşınmasından gedirsə, bu sahəyə uzunillik təcrübəyə malik sürücülər cəlb edilməlidir. Uşaqların təhlükəsizliyi əsas prioritet olmalıdır”, – deyə Ramin Nurəliyev bildirib.
Aynurə İsmayıl
KONKRET.az
