Məktəblilərin ağır çantaları gündəmdə: “Problemin kökündə təhsil sistemindəki çatışmazlıqlar dayanır” – AÇIQLAMAbackend

Məktəblilərin ağır çantaları gündəmdə: “Problemin kökündə təhsil sistemindəki çatışmazlıqlar dayanır” – AÇIQLAMA

Məktəblilərin hər gün ağır çantalarla dərsə getməsi son illər valideynlərin və təhsil ictimaiyyətinin ən çox müzakirə etdiyi məsələlərdən birinə çevrilib. Dərslik, dəftər və müxtəlif tədris ləvazimatlarından ibarət çantaların çəkisi xüsusilə ibtidai sinif şagirdləri üçün ciddi fiziki yük yaradır.

Bəs uşaqlar niyə hər gün bu qədər ağır yük daşımalı və problemin həlli üçün hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı KONKRET.az-a danışan Ağ Partiyasının sədri Tural Abbaslı bildirib ki, məktəblilərin ağır çanta problemi əslində orta təhsil sistemindəki daha geniş çatışmazlıqların yalnız bir hissəsidir.

CROSSMEDIA - Tural Abbaslı: Sabah məlum olsa ki, Ağ Partiyanın hansısa üzvü  də Mehdiyevlə əlbirdir...- MÜSAHİBƏ

Onun sözlərinə görə, məsələni yalnız çantaların çəkisi ilə məhdudlaşdırmaq düzgün deyil:

“Orta məktəb məsələsi təkcə uşaqların ağır çantasından ibarət deyil. Burada əsas sual orta məktəbdə verilən təhsilin şagirdlərin gələcəyində oynadığı roldur. Uşaqlara 11 il ərzində öyrədilən dərslərin onların universitetə qəbulunda nə qədər faydası olduğu, ümumiyyətlə, təhsilimizin beynəlxalq standartlara nə dərəcədə uyğun gəldiyi ciddi şəkildə təhlil edilməlidir”.

T.Abbaslı hesab edir ki, beynəlxalq qiymətləndirmələrdə Azərbaycanın nəticələri də təhsil sisteminin yenilənməsinə ehtiyac olduğunu göstərir.

“Bütün bunları təhlil edəndə görürük ki, təəssüf ki, təhsilimiz yetərli deyil. Daha çox görüntü naminə fəaliyyət var. Valideyn övladını repetitor yanına qoymasa, həmin şagird nəinki dünyanın məşhur universitetlərinə, hətta Azərbaycanın universitetlərinə belə qəbul olmaqda çətinlik çəkir. Bu, artıq sistemin özündə ciddi problem olduğunu göstərir”, – deyə partiya sədri vurğulayıb.

Onun fikrincə, xüsusilə yuxarı siniflərdə təhsilə yanaşma kökündən dəyişdirilməlidir:

“Biz yarı sovet, yarı Avropa, bir qədər də özümüzə xas təhsil sistemi formalaşdırmışıq və bu sistemlərin arasında ilişib qalmışıq. Orta məktəblərdə yüz minlərlə şagird təhsil alır, amma ortada ciddi nəticə yoxdur. Uşaqların həddindən artıq yüklənməsi, dərs yükünün onların yaşına uyğun olub-olmaması, kitab və dəftərlərin nə qədərinin zəruri, nə qədərinin isə lüzumsuz olması bu problemin yalnız bir hissəsidir”.

Tural Abbaslı hesab edir ki, dünyada uğur qazanmış təhsil modellərindən biri seçilərək Azərbaycan reallıqlarına uyğunlaşdırılmalı və sistemli şəkildə tətbiq edilməlidir.

“Dünyada müxtəlif uğurlu təhsil modelləri var. Onlardan biri seçilməli və ardıcıl şəkildə tətbiq olunmalıdır. Biz isə hibrid bir sistem yaratmışıq və nəticədə bu vəziyyət yaranıb. Xüsusilə ibtidai sinif şagirdləri ciddi şəkildə yüklənirlər. Uşaqlar səhər saat 7-də, bəzi yerlərdə isə hətta 6-da oyanırlar ki, saat 8-də məktəbdə olsunlar. Daha sonra onların beyninə yaşlarına uyğun olmayan və bəzən də gələcəkdə istifadə etməyəcəkləri böyük həcmdə informasiya yüklənir”.

Ağ Partiyasının sədri çıxış yolu kimi Finlandiya təhsil modelinin də nəzərdən keçirilməsini təklif edib.

“Bu məsələyə sıfırdan yanaşmaq lazımdır. Məsələn, Finlandiyanın təhsil sistemini götürüb Azərbaycan reallıqlarına uyğun şəkildə tətbiq etmək mümkündür. Nə orta məktəb, nə də magistratura təhsilimiz bu gün dünyanın reallıqlarına tam cavab verir. Təhsil sahəsində köklü dəyişikliklər aparılmadıqca, ağır çanta kimi görünən problemlərin arxasındakı daha böyük çatışmazlıqları aradan qaldırmaq mümkün olmayacaq”.

Beləliklə, məktəbli çantalarının çəkisinin azaldılması yalnız uşaqların fiziki yükünün yüngülləşdirilməsi məsələsi deyil. Problem eyni zamanda dərs yükünün optimallaşdırılması, tədris proqramlarının yaş xüsusiyyətlərinə uyğunlaşdırılması, dərsliklərin sayının və məzmununun yenidən nəzərdən keçirilməsi, eləcə də orta təhsil sisteminin daha səmərəli qurulması məsələlərini gündəmə gətirir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*