Vaşinqton və Tehran arasında birbaşa danışıqların aparılması və sülh memorandumunun detallarının açıqlanması fonunda İran Prezidenti Məsud Pezeşkiandan vəziyyəti dəyişəcək mühüm açıqlama gəlib. Dövlət başçısı əldə olunan hazırkı razılaşmanın yekun sənəd olmadığını bəyan edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Məsud Pezeşkiant hazırkı prosesi müharibənin dayandırılması istiqamətində mühüm bir addım kimi dəyərləndirsə də, qarşıda hələ ciddi müzakirələrin dayandığını vurğulayıb:
“Əldə olunmuş razılaşma müharibənin dayandırılması və danışıqların başlanması yolunda mühüm bir addımdır, lakin yekun saziş hələ işlənib hazırlanmalıdır”.
Prezident rəsmi Tehranın istənilən ssenariyə hazır olduğunu və ölkənin milli maraqlarından geri addım atmayacağını qətiyyətlə qeyd edib:
“İran İslam Respublikası hadisələrin istənilən inkişaf variantına tam hazırdır. Sazişin əldə edilib-edilməməsindən asılı olmayaraq, hökumət xalqına vicdanla xidmət etməyə köklənib. İran xalqı öz şəhid imamından böyük bir dərs alıb: zillətə və təhqirə əsla dözmək olmaz”.
Siyasi ekspertlər Pezeşkianın bu çıxışını Donald Trampın “sanksiyalar ləğv olunmur, hər şey İrandan asılıdır” bəyanatına qarşı bir cavab reaksiyası və daxili auditoriyaya yönəlmiş güc nümayişi kimi qiymətləndirirlər. Tehranın danışıqlar masasında güzəşt limitini qorumaq üçün hərbi və siyasi ritorikanı paralel şəkildə davam etdirəcəyi bildirilir.
Natiq Səlim,
KONKRET.az
