Mikrodalğalı sobadan istifadə edənlərin sayı getdikcə artsa da, bu cihazda hazırlanan və ya qızdırılan qidaların insan sağlamlığına təsiri ilə bağlı müzakirələr hələ də davam edir. Bəziləri mikrodalğalı sobanın qidaların tərkibini dəyişdirdiyini və orqanizm üçün zərərli olduğunu iddia edir.
Bəs bu fikirlər nə dərəcədə doğrudur? Mikrodalğalı sobada hazırlanan yeməklər həqiqətən sağlamlıq üçün təhlükə yaradırmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən həkim-terapevt Günay Lətifova bildirib ki, mikrodalğalı sobadan düzgün istifadə edildiyi təqdirdə insan sağlamlığı üçün heç bir təhlükə yoxdur.

Onun sözlərinə görə, mikrodalğalı soba qidaları sadəcə istilik enerjisi vasitəsilə qızdırır və bu proses digər istilik mənbələrindən prinsip etibarilə fərqlənmir:
“Mikrodalğalı soba düzgün istifadə edildikdə heç bir ziyanı yoxdur. Burada qidalar istilik vasitəsilə isidilir. Əslində qaz sobasında və ya digər istilik mənbələrində qidaların qızdırılması ilə mahiyyət etibarilə eyni proses baş verir. Cəmiyyətdə belə bir düşüncə formalaşıb ki, mikrodalğalı soba zərərlidir. Lakin bunun elmi əsası yoxdur. Sadəcə, fərqli texnologiya ilə daha praktik şəkildə qızdırma həyata keçirilir. Mikrodalğalı sobanın sağlamlığa zərər verməsi ilə bağlı elmi cəhətdən təsdiqlənmiş fakt mövcud deyil.”
Həkim vurğulayıb ki, əsas diqqət qidanın hansı qabda qızdırılmasına yönəldilməlidir. Onun sözlərinə görə, mikrodalğalı sobada istifadə üçün nəzərdə tutulmayan plastik qablar yüksək temperaturun təsiri altında zərərli maddələr ifraz edə bilər. Buna görə də istehsalçı tərəfindən mikrodalğalı sobaya uyğun olduğu göstərilən şüşə, keramika və ya xüsusi işarələnmiş qabların seçilməsi tövsiyə olunur.
Beləliklə, mütəxəssisin fikrincə, mikrodalğalı sobanın özü sağlamlıq üçün təhlükə yaratmır. Düzgün istifadə qaydalarına əməl edildiyi və uyğun qablar seçildiyi halda, bu cihaz gündəlik həyatda təhlükəsiz şəkildə istifadə oluna bilər.
Aynurə İsmayıl
KONKRET.az
