İsrail Baş naziri Benyamin Netanyahu ölkənin hərbi və kəşfiyyat elitasında mühüm kadr dəyişikliyinə imza atıb.
Alınan rəsmi qərara əsasən, Şmuel Ben-Ezlər İsrail Milli Təhlükəsizlik Şurasının yeni rəhbəri təyin edilib. Baş nazir yeni rəhbəri təqdim edərək, onun ölkənin milli təhlükəsizliyinin qorunması sahəsində 30 illik zəngin və sarsılmaz təcrübəyə malik olduğunu xüsusi vurğulayıb.
KONKRET.az xəbər verir ki, Şmuel Ben-Ezlər hərbi texnologiyalar sahəsində strateji fiqurlardan biri hesab olunur. O, İsrailin hava hücumundan müdafiə sferasında inqilabi addım sayılan və atmosferdən kənar ballistik raketləri məhv etmək üçün nəzərdə tutulan uzaqmənzilli “Xets-3” (Arrow-3) raket əleyhinə müdafiə sisteminin yaradılması layihəsinə rəhbərlik edib. Yeni vəzifəyə gətirilməzdən əvvəl isə Ben-Ezlər son dörd il ərzində İsrailin Ümumi Təhlükəsizlik Xidmətində (ŞABAK) Texnologiya və Kiber təhlükəsizlik şöbəsinin rəhbəri postunu tutub.
Natiq Səlim,
KONKRET.az
