Misir imtina etdi: “İslam NATO”su ilə bağlı nə baş verir? backend

Misir imtina etdi: "İslam NATO"su ilə bağlı nə baş verir? 

Misir Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın yaratdığı yeni hərbi ittifaqa qoşulmaq təklifindən hələlik imtina edib.

KONKRET.az xəbər verir ki, Misirin “Mada Masr” nəşrinin danışıqlara yaxın mənbəyə istinadən yaydığı məlumata görə, Qahirə rəhbərliyi bu mərhələdə yeni müdafiə blokunda yer almaq istəmədiyini bildirib.

Nəşr qeyd edir ki, Qahirə gələcəkdə bu ittifaqa qoşulmaq imkanını tamamilə istisna etmir və ilk növbədə regional böhranların siyasi yolla tənzimlənməsinə yönəlmiş daha geniş formatlı əməkdaşlığın tərəfdarıdır.

“Turkiye Today” qəzeti isə Misirin bu addımını ölkənin Türkiyə ilə ciddi fikir ayrılıqları olan Yunanıstan və Kiprlə qurduğu sıx strateji əlaqələrlə izah edir.

Bundan əlavə, Qahirə Pakistanın da təmsil olunduğu bir ittifaqa daxil olmaqla Hindistanla inkişaf etdirdiyi iqtisadi münasibətlərə zərər dəyməsindən ehtiyat edir. “Arabic Post” nəşrinin fikrincə isə, Misirin əsas qorxusu İranla mümkün hərbi qarşıdurmaya çəkilmək riskidir.

Xatırladaq ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında müdafiə sazişi avqustun 7-də Məkkədə imzalanıb. Sazişə əsasən, iştirakçı ölkələrdən birinə edilən silahlı hücum bütün digər üzvlərə qarşı hücum kimi qiymətləndirilməlidir. Türkiyənin xarici işlər naziri Hakan Fidan daha əvvəl bildirmişdi ki, Ankara gələcəkdə Misirin də bu ittifaqa qoşulacağını gözləyir və bunun üçün yalnız bəzi texniki məsələlərin tənzimlənməsi lazımdır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*