İnsanlar daha çox mistik hesab olunan yerlərə maraq göstərir. Bütün zamanlarda bu cür məkanları görməyə can atanlar sanki nəyisə tapacaqlarına ümid edirlər. Həmin məkanlar arasında elələri də var ki, tarixləri olduqca müəmmalıdır. Belə şəhərlərdən biri də Çin, Monqol və Uyğur əlyazmalarında adı keçən, ölü şəhər Xara-Xotodur. Qədim monqollar hesab edirdi ki, buranı tanrıların canişinləri inşa edib. Onlara görə şəhər məhz tanrı canişinlərinin inşası səbəbindən əzəmətlidir. Xara-Xoto həm də antik imperiyanın mərkəzi hesab olunur. İndi bu əzəmətli şəhərdən qalan xarabalıqlar və günəş altında quruyan sümüklərdir.
Müxtəlif şərq xalqlarının qədim əlyazmalarında, isti dənizin sahilində yaranmış qədim şəhər haqqında məlumat verilir. Zaman keçdikcə bu əzəmətli şəhər boş səhraya çevrilib. Yazılardan belə aydın olur ki, şəhərin əsasını tanrıların canişinləri, görkəmli şəxsiyyətlər qoyublar. Bunlar kral sülalələrinin nümayəndələri, şəfaçılar, müdriklər, zəngin tacirlər və görkəmli hərbi rəhbərlərdir. Boş bir yer nə vaxtsa böyük bir imperiyaya çevrilmək perspektivi olan güclü bir imperyanın paytaxtına çevrilib.
Bu yer Monqolustanın qərb hissəsində, Qobi səhrasının ortasında yerləşir. O dövrdə Xara-Xoto dini sənət və ticarət mərkəzinə çevrilmişdi. İndi möhtəşəm şəhərin xarabalıqları altından, bir neçə dağıdılmış kərpiç tikililər və ətrafa səpələnmiş insan sümükləri çıxır.
Xara-Xoto monqol dilində “qara şəhər” deməkdir. Ehtimala görə şəhərin təməli 1032-ci ildə qoyulub. Əvvəlcə Qərbi Sya sülaləsinin (1038-1227) paytaxtı olub. Şəhər tezliklə ticarət və mədəniyyət mərkəzinə çevrilib. 1226-cı ildə şəhərə daxil olan Çingiz xanın qoşunu Xara-Xotoda dağıntılar törətməyib. Çingiz xan özü buna razılıq verməyib. Adətən Qızıl Orda yoluna çıxan, hər şeyi çəyirtkə kimi dağıdıb viran qoyan monqollar Xara-Xotoya böyük ehtiramla daxil olmuşdular. Şəhər Çingiz xan hakimiyyəti altında çiçəklənib, inkişaf etmişdi.
Məşhur səyyah Marko Polo Xara-Xoto haqqında yazılarında, onu səhranın ortasında gözəl şəhər kimi təsvir edirdi. Səyyah şəhər sakinlərini bütpərəst adlandırır və onların əkinçilik və maldarlığı necə yüksək inkişaf etdirdiklərindən danışırdı: “İnsanlar burada zəngin yaşayırlar. Şəhər elə bir yerdə yerləşir ki, oradan ərzaqsız çıxmaq təhlükəlidir. Çünki ətraf sonsuz səhradır və bir damcı su tapmaq belə mümkün deyil”.
Şəhər niyə öldü?
Baş verənlərlə bağlı dəqiq versiya yoxdur. Yerli əfsanələrə görə, Xara-Xotonun son hökmdarı həddən artıq qürurlu adam olub. O, məğlubedilməz orduya sahib olsa da, marağında yalnız Çinin fəthi dayanırdı. Nəhayət o, hərbi kampaniyaya start verib və dəhşətli məğlubiyyətə uğrayıb. Canını güclə qurtaran bədbəxt fateh alınmaz Xara-Xoto qalasına sığınıb. Çin imperatorunun döyüşçüləri onu mühasirəyə alsalar da, şəhərə girə bilməyiblər. Çinlilər hiyləyə əl atıblar. Şəhərin yeganə həyat mənbəyi olan Edzin çayının məcrasını dəyişiblər.
Yerli sakinlər istidən və susuzluqdan ölüblər. Hökmdar dəli olub, həm arvadlarını, həm də bütün uşaqlarını öz əli ilə qətlə yetirib. Qala divarlarına onların qanını səpib, beləliklə, bu yeri əbədi olaraq lənətləyib. Hökmdar Xara-Xotonun bir yerində saysız-hesabsız xəzinə basdırıb. Özü isə gecəykən şəhərdən qaçıb.Çinlilər qalaya girib sağ qalanların hamısını, hətta körpələrə belə aman vermədən dəhşətli qırğın törədiblər. Hətta Çin əsgərləri mal-qaraya, atlara aman verməyiblər. Şəhərdəki bütün canlılar məhv edilib. Bundan sonra böyük Xara-Xoto krallığının əzəmətli paytaxtı əbədi xarabalığa çevrilib. Xəzinə isə heç vaxt tapılmayıb.
Yenidən kəşf edilmiş şəhər
Şəhər 20-ci əsrin əvvəllərində rus tədqiqatçısı Pyotr Kozlovun rəhbərlik etdiyi Monqol-Siçuan ekspedisiyası tərəfindən yenidən kəşf olunub. Arxeoloji qazıntılar zamanı elm adamları iki mindən çox kitab, tumar və əlyazmalardan ibarət nəhəng bir kitabxana aşkar ediblər. Buddist heykəlləri, ağac oymaları, müxtəlif məişət əşyaları və sənət əsərləri tapılıb. Bu kitabların və ağac oymalarının bir çoxu sonrakı illərdə tanqut qrafikası ilə yazılmış tanqut dilinin tədqiqi üçün əsas kimi götürülüb.
Ekspedisiya qrupu axtardığı xəzinələri heç vaxt tapmayıb. Yerli sakinlər deyirlər ki, bəzən orda-burda lənətlənmiş şəhərin torpağı altından xırda qızıl-gümüş külçələr və heykəlciklər tapılıb. Rəvayətə hörə, bir vaxtlar fırtına zamanı qaçan atları axtarmağa oğlanları ilə gedən yaşlı bir qadın yaşayırmış. Fırtına o qədər gülcü olur ki, onlar Xara-Xoto divarları arxasına sığınmağa məcbur olurlar. Ertəsi gün səhər ailə tərk edilmiş şəhəri dolaşmağa qərar verir. Ətrafda insan sümüklərindən başqa heç nə tapa bilmirlər. Birdən günəşin şəfəqlərindən bir şey parıldayır və yaşlı qadın yerdə parlayan gümüş muncuqlar görür. Eyni zamanda yaxınlıqdan Çin ticarət karvanı keçirdi. Tacirlər belə böyük və əla keyfiyyətli mirvari boyunbağı görəndə, qadına çoxlu pul verərək onu alırlar. Təəssüf ki, böyük şəhərdən indi heç nə qalmayıb. Qədim, böyük Xara-Xoto şəhəri hələ də öz mistik sirlərini və inanılmaz xəzinələrini heç kimə vermir.
Vəli Həsənoğlu,
KONKRET.az