Dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda milyonlarla tamaşaçının sevimli ekran əsərinə çevrilən əfsanəvi “Alf” (1986-1990) teleserialının baş qəhrəmanlarından biri olan amerikalı aktrisa Enn Şedin (Anne Schedeen) 77 yaşında vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə sənətçinin yaxınları və doğmaları sosial şəbəkə hesablarında rəsmi məlumat veriblər.
Açıqlamada bildirilir ki, aktrisa ömrünün son anlarını doğmalarının əhatəsində, sakit şəraitdə keçirib və elə onların yanında da dünyasını dəyişib. Sənətçinin ölümünün dəqiq və rəsmi səbəbi barədə ailəsi tərəfindən hələlik mətbuata və ictimaiyyətə ətraflı məlumat verilməyib.
Qeyd edək ki, Enn Şedin aktyorluq karyerasına hələ 1970-ci illərdə başlasa da, ona beynəlxalq miqyasda ən böyük populyarlığı və şöhrəti məhz “Alf” sitkomundakı Tannerlər ailəsinin anası — “Keyt Tanner” obrazı qazandırıb.
Xatırladaq ki, planetimizə gələn sevimli yadplanetli Alfdan bəhs edən sözügedən ekran əsəri yayımlandığı dövrdə qlobal səviyyədə böyük reytinqlər qazanıb və XX əsrin sonlarının ən tanınmış, kult teleseriallarından birinə çevrilib./nocommentaz
