Müdafiə Nazirliyinin keçmiş zabiti gəlini tərəfindən aldadılıb.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, bunu tanınmış vəkil Fərhad Mehdiyev bildirib.
Onun sözlərinə görə, zərərçəkmiş tərəf məhkəməyə müraciət edəcək:
“Pul qazanmaq çətin olduğuna görə, külli miqdarda pul itirən və indi kirayələrdə yaşayan bir ailənin faciəsindən danışım, siz də anlayın niyə ailə institumuz bu gündədir, evlənmə sayları və uşaq doğumları niyə azalır.
Ağsaqqal Azər Veysəlov (adlar şərtidir) hərbçi, zabit olub, Müdafiə Nazirliyindən pensiyaya çıxıb. Oğlu Orxan Veysəlov həmyerlisi olan Gülnar Əhmədova ilə tanış olur, evlənməyə qərar verirlər. Hərbi xidmət müddəti ərzində hesabına yığdığı pulla Azər Veysəlov oğluna toy hədiyyəsi və gələcək həyat üçün ev almağa qərar verir. Toydan təxminən bir ay əvvəl Azər Veysəlov yoldaşı Aida Veysəlova ilə axtarıb ev tapırlar və ata bu evi almaq üçün gedir notariusa, satıcı da orda. Lakin alqı-satqı günü oğlu Orxana işdən çıxmağa icazə vermirlər və ürəyi geniş ata düşünür ki, Gülnar da mənim qızım, oğlum olmasın gəlinim olsun, çağırır Gülnarı evi alırlar onun adına. Toy daha olmayıb.
Toydan bir il altı ay sonra Gülnar verir boşanmaya, boşanır da. Qaynatanın evini isə bölüşmək belə istəmir, çünki hardansa öyrənib ki ev nikahdan/toydan əvvəl alındığına görə birgə mülkiyyət sayılmır. Gülnar evin açarını dəyişdirir, hazırda Azər Veysəlov və yoldaşı kirayədə qalır, boşanmış oğulları Orxan da.
Evi satıb pulu yarı-yarıya bölmək təklifini keçmiş gəlin qətiyyətlə rədd edir. Deyir ki “verin məhkəməyə”. Elə bilir ki, başqasının pulunu yeyə biləcək, boğazından keçəcək. Məhkəməyə təbii ki gedəcəyik.
Öz zəhməti ilə 10000 qazanan və bunun əziyyətini bilən insanlardan xahiş edirəm ki, bu xanımın hərəkətlərinə – obyektiv və qərəzsiz olaraq – hüquqi, sosial və əxlaqi qiymət versin”.
