Ukrayna prezidenti Volodimir Zelenski Davosda keçirilən forumda polşalı həmkarı Anjey Duda ilə görüşüb. Prezidentlər Ukraynaya gələcək hərbi yardımı müzakirə ediblər və NATO-nun Vaşinqtonda keçiriləcək sammiti öncəsi mövqeləri razılaşdırıblar.
KONKRET.az xəbər verir ki, Anjey Duda Rusiyanın iştirak etmədiyi sülh formuluna dair uzun sürən danışıqlar fonunda Volodimir Zelenskiyə dəstəyini bir daha təkrarlayıb.
O, Kiyevin sarsılmaz mövqeyini yüksək qiymətləndirib və münaqişənin yalnız Moskvanın tamamilə geri çəkilməsi ilə bitəcəyini bildirib.
“Ruslar müstəqil suveren ölkəyə hücum ediblər. Ruslar bütün işğal olunmuş ərazilərdən qovulana qədər müharibə davam edəcək”, – deyə Duda bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
