Muxtar Maqauin: “Nazarbayev xalqını satdı”backend

Muxtar Maqauin: “Nazarbayev xalqını satdı"

Uzun illər Türkiyədə yaşayan qazax yazıçı, 83 yaşlı Muxtar Maqauin Qazaxıstanın taleyində baş verən ən mühüm hadisələr və tarixi şəxsiyyətlərin rolu ilə bağlı fikirlərini bölüşüb.

Amma yazıçı Qazaxıstanın dövlət və siyasi xadimi, Orta Asiya xalqlarının milli-azadlıq üsyanının iştirakçısı, Sovet Qazaxıstanında rəhbər vəzifələrdə çalışmış, Stalin repressiyasının qurbanı Turar Rıskulov barədə pis danışıb. Muxtar Maqauin bildirib ki, Rıskulov Qazaxıstanda baş verən aclığa, kütləvi qınaq praktikasına və Alaşorda hərəkat liderlərinin ölümünə görə məsuliyyət daşıyır:

“Turar Rıskulov xalqına xəyanət etmiş adamdır. 1918-ci il qıtlığı onun günahı ucbatından baş verib. Bundan sonra Qazaxıstan Respublikasının yaradılmasına mane oldu. O, bizi inandırdı ki, ilk növbədə Qazaxıstanın cənub bölgələrini özündə birləşdirəcək Türküstan Respublikasını yaratmalıyıq”. O, Rıskulovu Qazaxıstanda kollektivləşdirmə qrafikini dəyişməkdə də ittiham edib: “Leninə böyük rəğbətim var. O, parlaq insan idi. Çox şeyə fərqli baxırdı. O, milli məsələni dərk edirdi. Lenində qazax qanı olmalıdır. Axı o, özünü kalmık adlandırırdı. Leninin ölümündən sonra Rıskulov ittihamla çıxış etdi. Yazırdı ki, Qazax Sovet Respublikasında millətçilik var və Alaşorda liderlərini məhv etmək lazımdır. O, həmin məktubu Stalinə göndərmişdi”.

Qazaxıstanda baş verən daha bir dəhşətli faciə 2011-ci ildə neftçilərin tətilinin yatırılması ilə bağlıdır. Muxtar Maqauinin sözlərinə görə, Qazaxıstanda ilk dəfə idi ki, insanlara atəş açılırdı: “Janaozendə ilk dəfə olaraq küçədə insanların kütləvi şəkildə güllələnməsi baş verdi. Ancaq indi qazax ziyalıları, yazıçıları və ictimai xadimləri baş verənlərə görə Janaozen sakinlərinin özlərini günahlandırırlar. Çalışırlar ki, insanları güllələyənlərə haqq qazandırsınlar”.

Muxtar Maqauin ədəbi ictimaiyyətdən bəzi həmkarlarını Qazaxıstan torpaqlarının satışına icazə verən qanun layihəsinin təsdiqində iştirak etməkdə də ittiham edib. O, xüsusilə 2018-ci ildə vəfat edən qazax yazıçı, ictimai və siyasi xadim Şerxan Murtazayevi hədəfə alıb: “Murtazayev torpağın satılmasını müdafiə edənlərdən biri idi.  Eyni zamanda, bütün yazıçılar buna qarşı idi. Yazıçıların, rəssamların və digər sənət adamlarının iştirakı ilə görüşlər keçirməyə başladıq. Təşkilatçı Altınbek Sarsenbayev idi. Çox sərt danışdılar. Mən də iştirak etdim. Amma Murtazayev o vaxt görüşə gəlmədi. Əvvəlcə mübahisə etdi ki, torpağı satmaq anasını satmaq deməkdir.  Amma sonra mövqeyini dəyişdi və parlamentdə dedi ki, pensiyada öz torpaq sahəsinə sahib olmaq istəyir, ona görə də yeni qanun lazımdır”.

Muxtar Maqauin Nursultan Nazarbayevi də tənqid edib. Onun sözlərinə görə, Nazarbayev müstəmləkə dövrünün varisidir, o, qazaxları korlayıb, onlara işgəncə verib, hər birinin ruhunu məhv edib. Bunda onların özləri də günahkardır: “Dünyada çoxlu hökmdarlar olub. Çox müdrik hökmdarlara da rast gəlinib. Onların əksəriyyəti  döyüşkən olub. Siyasi hökmdarlar, axmaq və hətta ruhi xəstə hökmdarlar da var idi. Ancaq bizdə torpaqla birlikdə xalqını satan bir hökmdarın adı keçir”. Muxtar Maqauin müasir Qazaxıstanda dindarlığın artmasına son dərəcə mənfi münasibət bəsləyir. Onun fikrincə, İslam təbliğçiləri milli kimliyi aşındırır, xalqı parçalayır: “Vladimir Lenin deyirdi: “Din xalqın tiryəkidir”.

Kiçik dozalarda tiryək dərman ola bilər. Lakin daimi istifadə zərər gətirir. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində qazax ziyalılar və fəallar nəyə qarşı mübarizə aparırdılar? Müstəmləkəçiliyə və dinə qarşı. Din qaranlıqdır! Çox dindar ola bilməzsən. Əsl mədəniyyət dindən deyil, təhsildən, elmdən yetişir, məsciddə deyil, məktəbdə öyrədilir. Məhz buna görə də qazax ziyalılar, ictimai xadimlər ölkədə sələfiliyin yayılmasına qarşı kütləvi məktublar yazdılar”.

Muxtar Maqauin əmindir ki, qazaxlar dindən qurtulmalı, güclərini müasir, keyfiyyətli təhsil almağa sərf etməli, milli adət-ənənələrini qoruyub-saxlamaqla, həqiqətən dünyəvi dövlət qurmağa çalışmalıdırlar. Qazaxıstanda sələfiliyi Nazarbayev klanının nümayəndələri dəstəkləyir. Onların başında  birinci prezidentin hazırda həbsdə olan qardaşı oğlu dayanırdı. Belə ki, qazaxlar arasında aktiv dini təbliğat xalqa və dövlətə qarşı cinayətdir. Və buna görə də təkcə geyimlə bağlı qadağalar deyil, həm də qanunvericilik səviyyəsində ciddi kompleks tədbirlərin görülməsi tələb olunur”, – deyə Muxtar Maqauin bildirib.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*