“Azərbaycan sosial media məkanında daxili kontentin keyfiyyəti və cəmiyyətə ötürdüyü mesajlar ətrafında müzakirələr səngimək bilmir. Son dövrlər izləyici kütləsinin diqqətini çəkmək üçün yaradılan videoların intellektual səviyyəsi və real həyata faydası ciddi tənqid obyektinə çevrilib. Sosial şəbəkələrdə geniş maraq doğuran növbəti bir yanaşma isə yerli bloqerlərin fəaliyyət prinsipləri ilə xarici təcrübə arasındakı uçurumu tam çılpaqlığı ilə ortaya qoyur”.
KONKRET.az xəbər verir ki, bu sözləri pedaqoq Kəmalə Bayramova bildirib. Onun sözlərinə görə, ölkəmizdə “bloqer” anlayışı ilə “faydalı insan” anlayışı arasında çox böyük məsafə var: “Xaricdə bir bloqer çıxır, evində kran xarab olubsa göstərir necə düzəldir. Maşında problem yaranıbsa addım-addım öyrədir. Vergi sistemindən danışır, kitab tövsiyə edir, texnologiyanı izah edir, insanın həyatını bir az da asanlaşdırır. Bizdə isə kontent əsasən üç istiqamətdə inkişaf edir: bu gün nə yedim, həyat yoldaşımla hansı restorana getdim, hansı mağazadan endirimlə nə aldım. Arada bir də toy mövsümü açılır və ölkənin yarısı gəlin, yarısı bəy qohumu kimi fəaliyyət göstərir”.
Bayramova qeyd edib ki, öyrətməyən cəmiyyətin inkişaf etməsi qeyri-mümkündür və hazırkı dövrdə məlumatın çox, lakin biliyin az olması narahatlıq doğurur: “Sonra da təəccüblənirik ki, niyə elmə maraq azdır, niyə innovasiya zəifdir, niyə insanlar araşdırmır. Bir vətəndaş kimi deyirəm: məşhurluqla faydalılıq eyni şey deyil. Bir insan kimi isə düşünürəm ki, biz hələ də ‘kim nə geyinib?’ mərhələsində ilişib qalmışıq, halbuki dünya çoxdan ‘kim nə yaradıb?’ mərhələsinə keçib. ABŞ-a çatmağımıza bəlkə də bir neçə əsr var. Bəzi qonşularımıza çatmağa isə bəlkə bir əsr. Çünki məsələ təkcə iqtisadiyyat deyil. Məsələ insanların nəyə baxması, kimi izləməsi və nədən təsirlənməsidir. Planetlər müxtəlif olur. Sadəcə görünür, biz hələ də öz orbitimizdə dövrə vururuq”.
KONKRET.az
