Bakıda fəaliyyət göstərən ali təhsil müəssisələrinin yaxın illərdə paytaxtdan köçürülməməsi və bəzi ixtisaslar üzrə qəbul planlarının azaldılması ali məktəblərə qəbul zamanı rəqabətin güclənəcəyi ilə bağlı müzakirələri aktuallaşdırıb.
Bəs bu dəyişikliklər keçid ballarının yüksəlməsinə səbəb ola bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, hazırkı mərhələdə Bakıdakı ali təhsil müəssisələrinin köçürülməsi prosesinin həyata keçirilməsi asan görünmür:

“Yeni kampusların tikilməsi tələb olunur və bunun üçün ciddi maliyyə vəsaiti lazımdır. Ona görə də yaxın perspektivdə universitetlərin paytaxtdan kənara köçürülməsi mürəkkəb məsələ olaraq qalır”.
Bəzi ixtisaslar var ki, onların keçid balları 200-300 bal civarındadır. Hətta nüfuzlu ali məktəblərdə belə bu cür ixtisaslara rast gəlinir. Bu vəziyyət həmin ixtisasların cəlbediciliyini azaldır. Ona görə də məhz belə istiqamətlər üzrə plan yerlərinin, o cümlədən dövlət sifarişli yerlərin azaldılması məqsədəuyğundur”.
R.Nurəliyev qeyd edib ki, kompüter texnologiyaları, tibb, hüquq və digər prestijli sahələr üzrə qəbul planlarının azaldılmasının tərəfdarı deyil:
“Əmək bazarında tələbatın yüksək olduğu sahələr üzrə yerlərin azaldılması düzgün yanaşma deyil. Əksinə, keyfiyyətli kadr hazırlığı üçün bu istiqamətlərə daha çox diqqət ayrılmalıdır.
Bəzi özəl ali məktəblərdə inşaat və ya maşın mühəndisliyi kimi ixtisaslar tədris olunur, lakin bunun üçün zəruri laboratoriya bazası yoxdur. Belə hallarda həmin ixtisaslar üzrə plan yerlərinin azaldılması vacibdir”.
Onun fikrincə, paytaxtda bəzi ixtisaslar üzrə qəbul yerlərinin azaldılması tələbələrin sayına təsir göstərəcək və bu da müəyyən istiqamətlərdə rəqabəti artıraraq keçid ballarının yüksəlməsinə səbəb ola bilər.
Ramin Nurəliyev hesab edir ki, uzunmüddətli perspektivdə bəzi iri ali təhsil müəssisələrinin şəhərdən kənara köçürülməsi məqsədəuyğundur:
“Yaxın 10 il ərzində xüsusilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti kimi böyük ali məktəblərin şəhərdən kənarda yerləşən müasir kampuslara köçürülməsi məsələsi gündəmə gələ bilər”.
Ekspertin qənaətincə, plan yerlərinin azaldılması bütün ixtisasları əhatə etməyəcəyi təqdirdə keçid ballarında ümumi və kəskin artım gözlənilmir. Lakin populyar ali məktəblərdə və tələbatın yüksək olduğu bəzi ixtisaslarda rəqabətin güclənməsi nəticəsində keçid ballarının yüksəlməsi real görünür.
Aynurə İsmayıl
KONKRET.az
