Cənubi Koreyanın keçmiş prezidentinin qızı və ölkənin ikinci ən böyük konqlomeratının rəhbəri boşanıb. Məhkəmə iş adamının 1 milyard dollar təzminat ödəməsinə qərar verib.
KONKRET.az xəbər verir ki, son illərin ən böyük boşanma hadisəsi Cənubi Koreyada baş verib. Cənubi Koreya məhkəməsi keçmiş prezident Roh Tae-vunun yeganə qızı Roh So-yungla ölkənin ikinci ən böyük konqlomeratı olan “SK Group”un sədri Çey Tae-von arasında boşanma işi üzrə qərarı açıqlayıb.
Məhkəmə Çeyin əmlak bölgüsü çərçivəsində 1988-ci ildə evləndiyi və üç uşağı olan keçmiş həyat yoldaşı Roha təxminən 1,45 milyon dollar alimentdən əlavə təxminən 1 milyard dollar ödəməli olduğuna qərar verib.
Qərarın ölkə tarixində ən böyük boşanma davası olduğu bildirilib.
Məhkəmə hökmündə deyilir ki, Roh “SK Group”un böyüməsinə əvəzsiz töhfə verib. Ona görə də sərvəti 3 milyard dollar olan Çeyin aktivlərinin təxminən 35 faizini keçmiş həyat yoldaşına köçürməsinə qərar verilib.
Boşanmaya səbəb ərinin 2015-ci ildə nikahdankənar övladı ilə bağlıdır. Qeyd edək ki, qadın məhkəmədə “SK Group”dakı səhmlərinin yarısına sahib olduğunu iddia etmişdi.
Telekommunikasiya, kimya və enerji sektorlarında fəaliyyət göstərən və dünyanın ən böyük yarımkeçirici istehsalçılarından biri olan “SK Group”un səhmləri məhkəmə qərarının açıqlanmasından sonra birjada 9 faiz dəyər qazanıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
