Bəzən vətəndaşlar ölkədən çıxmaq istəyərkən sərhəd-keçid məntəqəsində və ya hava limanında onlara tətbiq olunan “stop” qərarı ilə üzləşirlər. Bu məhdudiyyət borc öhdəlikləri, məhkəmə qərarları, icra sənədləri və ya cinayət işləri ilə bağlı tətbiq oluna bilər. Əksər hallarda insanlar stopun hansı səbəbdən qoyulduğunu və onun necə aradan qaldırılacağını bilmirlər. Hüquqşünaslar isə bildirirlər ki, giriş-çıxış məhdudiyyətinin ləğvi üçün əvvəlcə onun hüquqi əsası müəyyən edilməlidir.
Bəs ölkədən giriş-çıxışa qoyulan stop hansı hallarda götürülə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Toğrul Məmmədov bildirib ki, ölkədən giriş-çıxışa qoyulan stop müxtəlif səbəblərlə bağlı ola bilər:

“İlk növbədə baxmaq lazımdır ki, məhdudiyyət hansı əsasla tətbiq olunub – sənəd, mülki və ya cinayət işi ilə əlaqədardır. Əgər məsələ cinayət işi ilə bağlıdırsa, burada şəxsin statusu önəmlidir. Vətəndaş şübhəli və ya təqsirləndirilən şəxsdirsə, araşdırma yekunlaşana qədər onun ölkədən çıxışına qoyulan stop qüvvədə qalır”.
Hüquqşünas qeyd edib ki, şahid statusunda olan şəxslərlə bağlı vəziyyət fərqlidir:
“Əgər şəxs şahid qismindədirsə, o zaman məhkəmə nəzarəti qaydasında şikayət verilə bilər. Məhkəmə təcrübəsində şahidlərə qoyulan stopların ləğv edilməsi ilə bağlı qərarlara tez-tez rast gəlinir”.
Toğrul Məmmədovun sözlərinə görə, mülki işlərdə və icra mərhələsində tətbiq olunan məhdudiyyətlər isə başqa qaydada tənzimlənir:
“Ölkədən giriş-çıxışa stopun qoyulması məcburi icra tədbirlərindən biridir. Əgər borclu şəxs məhkəmə qətnaməsini və icra sənədini yerinə yetirmirsə, icra məmurunun təqdimatı əsasında məhkəmə qərarı ilə ona stop qoyula bilər. Bu məhdudiyyətin götürülməsi isə icra sənədi tam yerinə yetirildikdə və ya tələbkarla borclu arasında razılıq əldə olunduqda mümkündür”.
Hüquqşünas vurğulayıb ki, vətəndaşlar belə hallarda əvvəlcə məhdudiyyətin səbəbini rəsmi şəkildə öyrənməli, daha sonra isə qanunvericiliyin nəzərdə tutduğu qaydada məhkəməyə və ya aidiyyəti quruma müraciət etməlidirlər.
Aynurə İsmayıl
KONKRET.az
