“Ölkənin dini və milli maraqlarının qorunması istiqamətində bütün imkanlar səfərbər edilib” – AÇIQLAMAbackend

"Ölkənin dini və milli maraqlarının qorunması istiqamətində bütün imkanlar səfərbər edilib" - AÇIQLAMA

Cəmil Quliyev, tarix üzrə fəlsəfə doktoru

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaradıb və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən edib. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, dini, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni müasir siyasi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridir. Müstəqil Azərbaycan dövlətinin təhlükəsizliyinin, xalqımızın maraqlarının qorunması, cəmiyyətə yad təsirlərin qarşısının alınmasında gənclərin iştirakını və bu işlərə töhfə vermək əzmini daha da artırmaq hazırda prioritet məsələlərdəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli tərəqqisi və qüdrətlənməsi naminə görülən işlər nəticəsində Azərbaycan dünyada ən sabit, sürətlə inkişaf edən və təhlükəsizlik mühitinə malik ölkələrdən biridir. Respublikada “Dini fanatizm, radikalizm və ekstremizmin yaratdığı fəsadlar və  onların təhlükəsi” eləcə də qarşısının alınması istiqamətində effektiv maarifləndirici tədbirlər mütəmadi həyata keçirilir.

Mövzu ilə bağlı KONKRET.az-a danışan Tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətləri bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, sözügedən sahədə əmin-amanlığın, sabitliyin təmin olunması istiqamətində dövlətimiz tərəfindən  mühüm və ardıcıl addımlar atılır: “Dini xurafata, fanatizmə, radikalizmə və ekstremizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin təbliği, zəngin tolerant və multikultural ənənələrimizin təşviqi, İslam dəyərlərinin qorunub saxlanması  istiqamətində respublikanın bütün bölgələrində kompleks tədbirlər həyata keçirilir.

Məkrli məqsədlərinə nail olmaq üçün cəmiyyət arasında dini, milli və məzhəb ayrı-seçkiliyi salaraq mövcud toplumu parçalamağı rəhbər tutan və xarici siyasi-dini mərkəzlərə bağlı olan qeyri-ənənəvi dini cərəyanlar, radikal dini qruplaşmaların fəaliyyətinin qarşısının alınması, onların zərərli  təbliğatına qarşı fəal şəkildə mübarizə aparılması üçün cəmiyyətimizdə, yeniyetmə və gənclər arasında effektiv, təsirli maarifləndirmə işlərinin mütəmadi görülməsinin zəruriliyi vacibdir və mütəmadi həyata keçirilir.

Bu istiqamətdə Ali və orta ixtisas təhsili müəssisələri, gənclər təşkilatları, dini icmalar, bir sözlə cəmiyyətin hər bir fərdi aktiv fəaliyyət göstərir. Xarici xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi pozuculuq fəaliyyətinə qarşı, dini ekstremizmlə mübarizə sahəsində görülən işlər üzrə təhlükəsizliyin möhkəmləndirilməsi işinin daha da yüksəldilməsi baxımından milli maraqların və milli mənafelərin keşiyində ayıq-sayıq durmaq, Azərbaycanın hərtərəfli inkişafı üçün daha təhlükəsiz şəraiti təmin etmək xüsusi xidmət orqanları ilə yanaşı, vətəndaşlarında üzərinə düşən ən ümdə vəzifələrdən biridir”.

Cəmil Quliyevin sözlərinə görə, xarici siyasi dairələrin informasiya toplama üsulları, onların sosial şəbəkələr vasitəsilə kəşfiyyat fəaliyyəti, dezinformasiya, separatçılıq anlayışı, ermənilərin terror törətmək təhlükəsi istiqaməti üzrə nəzərdə tutulan tədbirlər, eləcə də dövlət orqanları tərəfindən atılan addımlar barədə ictimaiyyətə geniş məlumat verilir: “Hazırda regionun təhlükəsizliyinə və inkişafına əsas təhdid mənbəyi Ermənistan və onun yürütdüyü təcavüzkarlıq, qəsbkarlıq siyasətidir. Dövlət orqanları tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycana qarşı yönəlmiş təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması, terrorçuluğa, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə istiqamətində davamlı və effektiv tədbirlər görülür. Azərbaycanda gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi və tərbiyə edilməsi istiqamətində aparılan uğurlu və məqsədyönlü siyasətin həyata keçirilməsində müvafiq təşkilatlarla yanaşı, hüquq mühafizə orqanları da yaxından iştirak edir. Dini fanatizm, radikalizm və ekstremizmin yaratdığı fəsadlarla bağlı mübarizədə səmərəliliyinin artırılması, yetişməkdə olan gənc nəslin yad təsirlərdən qorunması məqsədilə gənclər arasında geniş maarifləndirmə tədbirləri reallaşdırılır. Belə tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna rol oynayır”.

Eksper əlavə edib ki, din insan mənəviyyatının əsasında durmaqla, sosial münasibətlərin tənzimlənməsində xüsusi rol oynayır: “Mahiyyətinə nəzər saldıqda dinin insanlara xoşbəxtlik gətirdiyi, ədaləti, digərlərinin hüquqlarına hörməti və hər kəsin haqqının təmin olunmasını təbliğ etdiyi açıq–aydın özünü büruzə verir. Lakin real həyatda din pərdəsi altında qeyri–humanist ideyaların tətbiqi də müşahidə olunur. Din adından həyata keçirilən hər hansı subyektiv fəaliyyət dinin naqisliyindən qaynaqlanmır. Burada söhbət dini hökmlərin tətbiqində qeyri-obyektiv mövqe nümayiş etdirilməsindən, dinin əsas mahiyyətini və məqsədini nəzərə almayaraq, ondan öz maraqları üçün yararlanmaqdan gedir. Savadsızlıq, xüsusilə də dini savadsızlıq. Cəhalət, xurafat olan yerdə dini radikalizmin yayılması qaçılmazdır. Ortaya belə bir sual çıxır xurafatla dini radikalizmin nə əlaqəsi var?

Dini radikalizmin kökündə xurafat elementlərinə rast gəlinir. Məişət müstəvisində dəyərləndirdiyimiz xurafat dini radikalizmin özəyini təşkil edir. Dində əsli olmayan düşüncələr mövhumat və xurafatı, bunlar isə öz növbəsində cəhalət ilə üsyanları doğurur. Bunların arxasında isə insanların inanclarını istismar edərək böyük gücə çevrilməyə çalışan qanun tanımaz “adamlar” dayanır. Bu cür mühitin yaranmaması üçün isə elm, təhsil mütləqdir. Ancaq təəssüf ki, bu gün bəzi müsəlman cəmiyyətləri getdikcə elmdən, təhsildən, araşdırmadan uzaqlaşırlar. Ona görə də mövhumat və cahillikdən doğan radikalizm dünyada meydan sulayır. İslam dininin təməl prinsiplərindən xəbərsiz, zəif iradəli insanların dini savadsızlığı da burada öz sözünü deyir. Dini təhsilin istənilən səviyyədə olmaması və ya düzgün istiqamətləndirilməməsi də, dini düzgün anlamamağa və anlatmamağa gətirib çıxarır”.

  • Cəmil Quliyev bildirib ki, ekstremist fəaliyyət hakimiyyəti dəyişdirməyə və ya ələ keçirməyə, hər hansı dövlətin suveren hüquqlarını pozmağa, qanunsuz silahlı birləşmələr yaratmağa, dini–etnik nifrət zəminində təxribata əl atmağa səsləyən ideologiya və fəaliyyətləri özündə əks etdirir: “Bu, dini radikalizmin ən təhlükəli formasıdır. “İŞİD”, “əl–Qaidə”, “Boko Haram”, “Azəri camaatı” və s. kimi terror təşkilatları sözügedən radikalizm formasının bariz nümunələridir. Dini–siyasi motivli ekstremist və terroristlərin əsas hədəf kütləsi, inandırmağa çalışdıqları əsasən 20–40 yaşlarında, kişi cinsinə mənsub, orta savada malik, dini bilgiləri az olan yaxud heç olmayan, işsiz və ya az məvaciblə çalışan, himayəsində bir neçə nəfər olan şəxslərdir.

Qadınlar dini radikal–ekstremist tipli cərəyanlarda köməkçi rolunu oynayırlar. Bunun səbəblərini daha çox dindar cəmiyyətlərin patriarxal əsasda formalaşması ilə izah etmək mümkündür. Yuxarıda qeyd edilmiş özəlliklərə məxsus insanlarla daha çox işlənilməsinin səbəbi ondan ibarətdir ki, digərləri ilə müqayisədə daha çox təbliğata meyl göstərmələri mümkündür. Müəyyən maddi çətinlikləri olan şəxs də digərlərindən daha asan olaraq cərəyanın işinə cəlb edilə bilər. Maddi çətinliklərini həll edən insana qarşı hər şəxs müəyyən borc və minnət duyğusu daşıyır və onun apardığı fəaliyyətə yardımçı olmağı da özündə mənəvi bir yük kimi görür. Dini ekstremist təşkilatlar isə dini ekstremist fəaliyyətin həyata keçirilməsi məqsədilə yaradılan və ya məqsədlərinə nail olmaq üçün belə fəaliyyəti həyata keçirən təşkilatdır. Müasir dövrümüzdə ekstremist qruplaşmaların əsas təbliğat məkanı sosial şəbəkələrdir. Onlar əsasən “YouTube”, “İnstaqram” və “Facebook” kimi sosial şəbəkələrdə yerləşdirdikləri postlar vasitəsilə öz ideyalarını qlobal miqyasda yayır, habelə onlardan öz sıralarına yeni davamçılar cəlb etmək məqsədilə istifadə edirlər. Bu qruplaşmalar milli-mənəvi dəyərlərin gözdən salınmasına çalışır, birbaşa, yaxud dolayı yolla zorakılığa çağırırlar. Belə bir təbliğatın təsiri altında formalaşmış gənclər ümumi dəyərlərdən imtina edir, təhsil və özünü təkmilləşdirmədən uzaqlaşırlar. Təbliğatçılar bundan əlavə tərəfdarlarına geyimlə və zahiri görkəmlə seçilməyi də təlqin edirlər. Ümummilli lider Heydər Əliyev kimi dahi bir şəxsiyyətin peşəkarlıq irsinə söykənən və bu gün Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilən siyasi islahatlar nəticəsində ölkənin dini və milli maraqlarının qorunması istiqamətində bütün imkanlar səfərbər edilib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*